“Qəbələ” İdman Klubunun samboçuları Azərbaycan kubokunda uğurla çıxış edib. Şağan Olimpiya Kompleksində keçirilən yarışda təmsilçilərimiz üç medal qazanıb. Samboçularımız yarışı iki qızıl və bir gümüş mükafatla başa vurub. 82 kq çəki dərəcəsində çıxış edən Soltan Ağayev bütün rəqiblərini məğlub edərək, ölkə kubokunun qalibi adını qazanıb. “Qəbələ” samboçularının digər iki mükafatı isə gənclərin yarışına təsadüf edib. 100 kq çəki dərəcəsində çıxış edən Cəlil Şükürov bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 90 kq çəki dərəcəsində çıxış edən Vasif Şərbətli ilə finala qədər irəliləyib. Yalnız həlledici qarşılaşmada uduzan idmançımız gümüş medalla kifayətlənib.