«Belə oyunlarla fəxr etmək olar»
Xəbərlər / 29 Noyabr 2016 | 22:31488
«Belə oyunlarla fəxr etmək olar»

Topaz Premyer Liqasının XIII turunun “Qarabağ” - “Qəbələ” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Oyun yaxşı keyfiyyətdə alındı. İki çox yaxşı komanda qarşılaşırdı. Kifayət qədər səviyyəli futbol izlədik. Belə oyunlarla fəxr etmək olar. Hakim məsələsinə gəlincə isə mən ötən il də bu barədə çox danışmışam. Bu il baş verəcəkləri qabaqcadan görüb, özümü təmkinli aparmağa çalışırdım. Hər iki ildə yaşananları eyni sırada görürəm. Mənə heç kim inanmırdı. Ötən il də belə olmuşdu, indi də ilk hal deyil. Bu mövzuda çox danışmaq istəmirəm. Nə isə etmək lazımdır. İndiki vəziyyətdə evimə getmək istəyirəm. Amma belə durumda komandanın yanında olmaq lazımdır. Futbolçularımı çox sevirəm. İstənilən durumda onlarla, komandamla, rəhbərliyin yanında olacam. Azərbaycan hakimləri yaxşı oyun idarə etməyi bacarırlar. Amma top futbolçunun üzünə dəyəndə penalti təyin olunursa, gözümün qabağında rəqib oyunçumuzu vurursa, mən nə deməliyəm?  “Qarabağ”ı təbrik edirəm. Bu komandaya, baş məşqçisinə, əməkdaşlarına hörmətim böyükdür. Dediklərim bu komandaya aid deyil. Yetirmələrimin oyun başa çatmamış meydanı tərk etmək niyyəti yox idi. Hər hansı münaqişənin yaşanmaması üçün meydanı tez tərk etməyimizi istəyirdim. Matçda hesabı qoruya bilməməyimiz hər hansı tendensiyadan xəbər vermir. Oyunun gedişində də səhvlər oldu. Lakin qollar sonluğa təsadüf etdi”.