Misli Premyer Liqasının XXIV turunun “Qəbələ” – “Neftçi” oyunundan (1:3) sonra komandamızın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:
“Bərabər oyun keçdi. Yaxşı başladıq, pressinq edirdik, qol vəziyyəti yaratdıq sonra penaltidən fərqləndik. Lakin çox üzücü qollar buraxırıq. Birinci qolda standart vəziyyətdən sonra top futbolçumuzun belinə dəydi. İkinci qolda təhlükəli bir vəziyyət olmayan yerdə əllə oyun. Bu səviyyədə belə səhvlər buraxmaq olmaz. Xüsusilə də “Neftçi” kimi komanda ilə matçda. Birinci hissədə rəqibin təzyiqi olmayanda da mərkəzdə özümüz toplar itirirdik. Psixoloji baxımdan işləmək lazımdır. Böyük hesablı məğlubiyyətdən sonra yenə uduzduq, bu, futbolçulara psixoloji baxımdan pis təsir edir. Fiziki və taktiki baxımdan problem yoxdur. Sadəcə inamlı və etibarlı oynamaq lazımdır”.