Misli Premyer Liqasının XXIII turundan təxirə salınmış “Qəbələ” – “Qarabağ” oyunundan (0:4) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Sizi gürcüstanlı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Qarabağ”ı Avropa Liqasındakı yaxşı oyun münasibətilə təbrik edirəm. Bu gün də qalib gəldilər. Futbolu 90 dəqiqə oynamaq lazımdır. Birinci hissədə çox yaxşı oynadıq. Hər şey alınırdı. Yaxşı hücumlar da qurduq. İkinci yarıda isə “hədiyyə”lər etdik, qırmızı vərəqə, 11 metrlik cərimə zərbəsi oldu. Qırmızı vərəqələrin çox olması yaxşı deyil”.
Tsxadadze bildirib ki, komanda bütün matçları ilk 45 dəqiqədəki kimi keçirməlidir: “Ümid edirik ki, ilk hissədəki oyunumuzu yaxşılaşdıra biləcək və 45 deyil, 90 dəqiqə belə çıxış edəcəyik. Bunu etsək, hər şey alınacaq. Futbolçular başa düşməlidirlər ki, “Qəbələ” böyük klubdur. Qollarda buraxdığımız sadə səhvləri etməməliyik. İstədiyimizi ilk yarıda göstərdik. Bu, müsbət məqamdır. Amma yenə çalışmalıyıq. Bu sistemi ilk 45 dəqiqədə gördük. Biz bunu 90 dəqiqə göstərməliyik”.