Boksçularımız 5 medal qazandı, Kamran Şahsuvarlı ən yaxşı oldu
Xəbərlər / 1 Aprel 2019 | 21:301129
Boksçularımız 5 medal qazandı, Kamran Şahsuvarlı ən yaxşı oldu

Boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirinə yekun vurulub. Bakı Boks Mərkəzində təşkil olunan yarışda Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Mərakeş, İraq, Türkiyə, Türkmənistan və Gürcüstan millilərinin 117 idmançısı gücünü yoxlayıb. Azərbaycan yığmasının heyətində “Qəbələ” İdman Klubunun 6 boksçusu da mübarizə aparıb.

Təmsilçilərimiz turnirdə biri qızıl, ikisi gümüş, ikisi bürünc olmaqla ümumilikdə 5 medal qazanıblar. 75 kq çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qızıl medala yiyələnən idmançımız həm də “Böyük İpək Yolu” beynəlxalq turnirinin ən texnikalı boksçusu adına yiyələnərək, müvafiq mükafatla təltif edilib. Finala qədər bütün rəqiblərinə qalib gəlib yalnız həlledici görüşdə uduzan Alfonso Dominqes (81 kq) və Rahil Məmmədli (91 kq) gümüş medala sahib olublar. Mübarizəni yarımfinalda dayandıran Cavid Cələbiyevlə (60 kq) Fərid Ağamoğlanov (64 kq) turnirin bürünc mükafatçısı olublar.