Bu gün Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçuları ilə İran təmsilçiləri arasında yoxlama görüşləri keçirilib. WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda keçirilən döyüşdən öncə baş tutan dueldə iki ölkənin həvəskar boksçuları 4 çəki dərəcəsində qüvvələrini sınayıb. 67 kq çəki dərəcəsində təmsilçimiz Farşid Rüstəmi Məhəmməd Sani ilə üz-üzə gəlib. İdmançımız qonağı rinqdən məğlub yola salıb. 75 kq çəki dərəcəsində çıxış edən Elvin Qəmbərov da iranlı rəqibindən güclü olub. O, Aemi Baxşızadəyə qalib gəlib. 91 kq çəki dərəcəsində Rahil Məhəmmədli Riza Muradxaniylə qarşılaşıb. Bu görüş iranlıların yeganə qələbəsi ilə başa çatıb. Sonuncu 4-cü döyüşdə isə +91 kq çəki dərəcəsindəki təmsilçimiz Asəf Aslanlı Yusif Məhəmmədidən üstün olub. Beləliklə, “Qəbələ”nin boksçuları İran təmsilçiləri ilə 4 qarşılaşmadan 3-də qalib gəlib, 1-də uduzub.