Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə “Strandja” turnirinə yekun vurulub. 34 ölkədən 240 idmançının mübarizə apardığı yarışda uğurla çıxış edən Azərbaycan millisinin heyətində “Qəbələ” İdman Klubu da təmsil olunub. Klubumuzun boksçusu Lorenzo Sotomayor Sofiyada qüvvəsini sınayıb. 64 kq çəki dərəcəsində çıxış edən idmançımız yarışın qalibi adını qazanıb. Sotomayor fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqda ciddi müqavimətlə üzləşməyib. Finala gedən yolda erməni boksçunu də mübarizədən kənarlaşdıran boksçumuz həlledici döyüşdə özbəkistanlı Fazliddin Qaibnazarovla üz-üzə gəlib. Qızıl medala yiyələnən təmsilçimiz final döyüşünün hər 3 raundunda rəqibindən üstün olub. İdmançımız turnirin ən texnikalı boksçusu seçilib.
Qeyd edək ki, “Strandja” turniri iyunda keçiriləcək Avropa oyunlarına hazırlıq xarakteri daşıyır.