Boluda ikinci sınaq
Xəbərlər / 10 İyul 2019 | 23:05332
Boluda ikinci sınaq

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” sabah növbəti yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar” Bolu hazırlığının 8-ci günündə ikinci sınağına çıxacaq. Komandamız Ukrayna təmsilçisi “Vorskla” ilə görüşəcək. İyulun 7-də bu ölkənin digər təmsilçisi “Mariupol”a 2:1 hesabı ilə qalib gələn Sənan Qurbanovun yetirmələri gücünü Poltava klubu ilə matçda da sınayacaq. “Koru” otelinin meydançasındakı görüş Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Əsası 1955-ci ildə qoyulan komanda 64 illik tarixində müxtəlif adlar altında çıxış edib. “Kolxoznik”, “Kolos”, “Selstroy”, “Stroitel”, “Vorskla-Nefteqaz” adlarını daşıyan komandanın uğurları Ukraynanın müstəqillik illərinə təsadüf edib. SSRİ-nin aşağı liqalarında oynayan Poltava təmsilçisi müstəqillik illərində Premyer Liqa həyəcanı da yaşayıb, nailiyyətlər də əldə edib. 2009-cu ildə Ukrayna kubokunu başı üzərinə qaldıran, həmin il Superkubokda qüvvəsini sınayan “Vorskla” iki dəfə - 1996/97 və 2017/18 mövsümlərində çempionatın bürünc mükafatçısı olub. Dəfələrlə avrokuboklarda oynamış komanda iki dəfə Avropa Liqasının qrupuna düşüb. Ötən mövsümdə Premyer Liqada 7-ci olan poltavalılar qitə səhnəsindən kənar qalıblar.

 

Yoxlama oyunu 

11 iyul

12:00. “Qəbələ” (Azərbaycan) – “Vorskla” (Ukrayna)

Bolu. “Koru” otelinin meydançası