«Bu istəyimizə nail olduq»
Xəbərlər / 4 Mart 2017 | 22:55656
«Bu istəyimizə nail olduq»

Topaz Premyer Liqasının XXI turunun “İnter” – “Qəbələ” oyunundan (0:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Aydın məsələdir ki, əsas nəticədir. Biz də bu istəyimizə nail olduq. Oyunun əvvəlində həddən artıq istəkli olmağımızdan və həyəcandan müəyyən tələskənlik var idi. İkinci yarıda isə hər şey qaydasına düşdü. Düşünürəm ki, hesab tam oyuna görə oldu. Bəlkə də futbolçuların tələskənliyi daha əvvəl keçirilən “Sumqayıt” - “Qarabağ” matçının nəticəsini bilmələri ilə bağlıdır. Əslində isə belə olmamalıdır. Bu da oyunçuların həyəcan keçirmələrinə əlavə səbəbdir. Onlarda nə isə alınmayanda narahat olurdular. Yaxşı ki, fasilədən sonra bunu aradan qaldırdıq və inamlı təsir bağışladıq. Həm Baqali Dabo, həm Daniel Subotiçin eyni vaxtda meydanda olması mümkündür. Biz daha çox futbolçuların hansı durumda olmasına baxırıq. Baqali zədədən qayıdıb. Bir müddət də özünü narahat hiss edirdi, həm də meydan amili var idi. Süni meydanlarda oynamalı olurduq. İndi məşqlərdə izləyirəm ki, Dabo daha yaxşı durumdadır. Artıq ondan müəyyən zaman kəsiyində deyil, tam yararlana bilərik. Rasim Ramaldanovun reaksiyasına əsasən ciddi zədələndiyi görünür. Bu qədər zədəlinin olması həddən artıqdır. İlk baxışdan xəsarəti ciddidir. Qarşıdakı qısa fasilədə sadəcə məşq üçün daha çox vaxtımız olacaq. Amma fasilədən qeyri-adi şəkildə istifadə edəcəyimizi deyə bilmərəm. Yığma üzvləri də bizimlə olmayacaq. 6 futbolçunun yoxluğu hazırlıq prosesi baxımından mənfi məqamdırsa, digər tərəfdən bu oyunçularımızın milliyə çağırılması ilə fəxr edirik. Ümumiyyətlə mən bütün futbolçularımızın millidə oynamasını istəyərdim. Bu, klub üçün də nüfuzludur. Başa düşürük ki, biz də millini anlayışla qarşılamalıyıq. Çünki Qətərlə qarşılaşma ciddi oyuna hazırlıq məqsədi daşıyır”.