“Komandada hazırda gözəl atmosfer, yüksək əhval-ruhiyyə hökm sürür. Futbolçularımız çox istəklidirlər. “Simurq”la matçda istədiyimiz nəticəyə yaxın olsaq da, son dəqiqə qolu bizi çətin vəziyyətdə qoydu. Artıq “Bakı” ilə matça köklənmişik”. Bu sözləri Premyer Liqanın XXVI turu – “Qəbələ”-“Bakı” matçı öncəsi “qırmızı-qaralar”ın baş məşqçisi Luis Araqon söyləyib. Komandadakı hazırkı durumu dəyərləndirən ispan mütəxəssis müsbət nəticələrlə bütün problemləri arxada qoyacaqlarına inandığını deyib:
“Komanda fiziki baxımdan yaxşı vəziyyətdə olsa da, alınan son nəticələr kollektivi müəyyən mənada ruhdan salmışdı, futbolçuların özünəinamına mənfi təsir göstərmişdi. Çalışırıq ki, məşqlər və qarşıdakı oyunlarda qazanacağımız uğurlu nəticələrlə komandanın özünəinamını bərpa edək. Bu missiyanın öhdəsindən gələcəyimizə inanıram”.
Araqon rəqib – “Bakı” haqqında fikirlərini də gabalafc.az-la bölüşüb, heyətdəki problemlərdən danışıb:
“Bakı”nın bir çox oyununu izləmişəm və analiz etmişəm. Komandanın heyətində səviyyəli legionerlər və yerli futbolçular var. Rəqibimiz topla çox oynamağa səy göstərən, ona nəzarət etməyə çalışan komandadır. Çətin oyun olacaq. Amma komandama inanıram. Bütün psixoloji problemləri arxada qoyub uğurlu nəticə qazanmağa çalışacağıq. Heyətimizdə çatışmazlıqlar da var. Omar Kalabane sarı vərəqə limitinə, Ceyhun Sultanov və Vurğun Hüseynov zədəyə görə kollektivə kömək edə bilməyəcək”.