Misli Premyer Liqasının XXXII turunun “Qəbələ” – “Kəpəz” oyunundan (0:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Gürcüstanlı mütəxəssis matç barədə fikirlərini açıqlayıb:
“Nə isə demək çətindir. Çox sayda imkanlar yaradırıq və istifadə etmirik, kobud səhvlərdən belə qollar buraxırıq. Bu, tək bir matça deyil, mövsümün çox oyunlarına aiddir. Ona görə də təəssüf ki, sonuncu yerdəyik. Futbolçu topu qapı xəttindən çərçivəyə göndərə bilmirsə, bu səviyyədə oynamaq çətin olur. Nəticənin məsuliyyətini üzərimə götürmək istəyərdim, amma belə vəziyyətlərdən sonra bunu edə bilmirəm. Hər hansı gözləntim, istəyim yoxdur. Klubda qalıb-qalmayacağım da bilinmir. Bu, komandanın hansı liqada oynayacağı, hansı imkanlara malik olacağı, iddiası və klubun istəyindən asılıdır. Azarkeşlərdən üzr istəyirəm”.