Topaz Premyer Liqasının XIII turunun “Sumqayıt” - “Qəbələ” oyunundan (2:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Müdafiədə boşluqlar var idi. Əvvəlki oyunlarla müqayisədə fərqli səhvlər etdik. Misal üçün “Kəpəz”lə oyunun son dəqiqələrində bütün müdafiəçilər irəli atılmışdı. Məhz həmin vaxt bizə əks hücumdan qol vurmuşdular. Futbolçuların yerində mən də olsaydım hücuma atılardım. Həmin məğlubiyyətdən sonra futbolçulara heç nə deməmişdim. Amma bu gün olan səhvlərə görə utanıram, utanc hissi var. Oyunun ilk 15 dəqiqəsində olan səhvləri qarşısına böyük hədəflər qoyan komanda etməməlidir. Düşünürəm ki, belə səhvlər on oyundanbir ola bilər ki, bu da oldu. İlk qolda çox kobud səhvimiz vardı”.