«Bu qələbə bizim üçün çox vacib idi»
Xəbərlər / 15 Aprel 2016 | 14:57129
«Bu qələbə bizim üçün çox vacib idi»

Topaz Premyer Liqasının XXX turunun “Qəbələ” – “Rəvan” qarşılaşmasından (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Komandamıza qələbə qazandıran qolları nə vaxt vurmağımızın heç bir əhəmiyyəti yoxdur. Əslində, hesabı daha tez açmalıydıq. Lakin indi bunun fərqinə varmıram. Bu qələbə bizim üçün çox vacib idi. Buna da nail olduq. Ümid edirəm ki, bu qələbə bizə özünəinam, müsbət əhval-ruhiyyə gətirəcək. Çünki son turlarda layiq olduğumuz nəticələri qazana bilməməyimiz futbolçulara da mənfi təsir edirdi. Nəticədə onlar yaxşı əhval-ruhiyyədə olmur, matça lazımi səviyyədə köklənə bilmirdilər. Yaxşı oldu ki, qalib gəlib, bu çətinliyi adlaya bildik. Hər dəfə hakimlik haqda danışmaq istəmirəm. Meydandan kənarlaşdırılmağıma gəlincə, bunu qəbul edirəm. Hakimdən bunun səbəbini soruşdum. O, texniki zona xəttini keçdiyim üçün bu cəzaya məruz qaldığımı bildirdi. Oyunlarımızın təxminən 1/3-də aşkar üstünlüyə malik olub, qol imkanları yaratmışıq. Lakin bu şanslardan yararlana bilmədiyimizdən vacib xallar itirmişik. Qol vəziyyətlərindən istifadə ilə bağlı çatışmazlıqları tam aradan qaldırmamışıq. Bunun üzərində çalışırıq”.