«Buna inanmaq da çətindir»
Xəbərlər / 14 Mart 2017 | 22:55335
«Buna inanmaq da çətindir»

Topaz Premyer Liqasının XXII turunun “Neftçi” – “Qəbələ” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Gözlədiyimiz kimi ağır oyun oldu. Belə matçlarda qol imkanları az olur. Buna baxmayaraq, ilk yarıda bir sıra imkanlar əldə etdik. Uduzmağımızın əsas səbəblərindən biri bu şanslardan yararlanmamağımızdır. Əlbəttə, buraxdığımız qol epizodunda isə elə səhvə yol verdik ki, bunu bizim komandanın etdiyinə inanmaq da çətindir. Komandamız belə xəta etmir. İki yerli futbolçumuz son anda sıradan çıxdı. Ruslan Qurbanovla Rəşad Sadiqovun yoxluğunda belə heyət qurduq. Yoxsa ki, başqa “11-lik”də ola bilərdi. Oyunda dönüş yarada bilən yerli futbolçumuz da yox idi. Baqali Dabonu meydana buraxmaq üçün başqa dəyişiklik də etdik. Buna səbəb limitdir. Oyunçularımız hazır olsaydı, matç fərqli nəticələnə bilərdi. Hadisələrin belə axarında nəticə qazanmaq asan deyil. Amma bundan şikayətlənə bilmərik. Rafael Santosun aqressivliyi haqda danışa bilmərəm. O, çox mehriban insandır. Cavid Hüseynovdan başqa digər yığma üzvləri bacardığından zəif çıxış edirdi. Oyunçularımızın millidə olması ilə fəxr edirəm. Problem də bunda deyil. Amma Tellur kimi gənc oyunçular üçün millidən kluba dönəndə çətin olur. Yaxşı futbolçu olmaq istəyən həm milli, həm klubda oynamağı bacarmalıdır. Onlar bütün matçlara eyni səviyyədə çıxmalıdır. Rəqibin tempi aşağı saldığını deməzdim. “Neftçi” müdafiədə sıx oynayır və əks-hücumlara çıxmaq üçün öz anını gözləyirdi. Belə vəziyyətdə daha yüksək səviyyədə oynamaq lazım idi”.