Topaz Premyer Liqasının IV turunun “Neftçi” – “Qəbələ” oyunundan (0:8) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Neftçi” ilə oyunda 3 xal qazanmağımızdan razı qaldıq. Oyun planında da yaxşı oynadığımızdan çox müsbət əhval-ruhiyyədəyik. Həmişə yaxşı nəticə qazanmaq, qollar vurmaq istəyirik. Bu, həmişə alınmır. Lakin bu gün istədiyimiz kimi oldu. Bunun “Neftçi”nin tarixində ən böyükhesablı məğlubiyyət olduğunu bilmirdim. Futbolçular UEFA Avropa Liqasının “Anderlext”lə qarşılaşma öncəsi müsbət əhval-ruhiyyə qazandılar. Belə vəziyyətdə öyrənmək çox yaxşıdır. Rəqibi qiymətləndirə bilmirəm. Bizim komanda isə yaxşı oynadı. Çox qol vursaq da, səhvlərimiz oldu ki, onları təhlil edib, aradan qaldırmağa çalışacağıq. Meydana hər dəfə olduğu kimi ən yaxşıları buraxmışdıq. Yalnız limiti nəzərə almaq şərtinə əməl edirik. Bu gün bütün futbolçulardan razı qaldım. Amma onların hər birinin üzərində çalışmalı olduğu məqamlar var. Bunu da təhlil edəcəyik. Artıq “Anderlext” haqda kifayət qədər məlumat toplamışıq. “Neftçi” ilə oyundan sonra çatdırmayacağımızdan buna əvvəldən başlamışıq. Lakin bu haqda danışmağa hazır deyiləm. Hələ yenə də təhlil etməliyəm. İlk yarıda müəyyən arxayınlaşma hiss olunurdu. Fasilədə oyunçularla danışdıq və ikinci hissədə artıq hər şey qaydasında idi. Hesabdan asılı olmayaraq, qələbə özünəinam və müsbət əhval-ruhiyyə bəxş edir. Ağıllı futbolçular da bundan yaxşı istifadə edir. Biz bu gün “Anderlext” deyil, “Neftçi” haqda düşünürdük və bu oyunda qələbə üçün çalışırdıq”.