Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün ikinci yoxlama oyununda Ukraynanın “Krivbass” klubu ilə qarşılaşacaq. Matç öncəsi komandamızın baş məşqçisi Fatih Kavlak gabalafc.az-la fikirlərini bölüşüb.
- İkinci hazırlıq matçına çıxacağıq. İlk hazırlıq matçından sonra oyunda buraxdığımız səhvlər barədə futbolçularla danışmaq, müzakirə etmək imkanımız oldu. Bu matçda da hazırlıq dönəmində nə etdiyimizi, arxada qoyduğumuz dövrü necə dəyərləndirdiyimizi görəcəyik. İnanıram kı, yaxşı oyun olacaq. Çünki komandada həm psixoloji, həm də fiziki durum yüksək səviyyədədir. Qarşıda daha üç oyunumuz var. Bu dövrü maksimum dəyərləndirib çempionatdakı vacib matçalara ən yaxşı şəkildə hazırlaşmağı hədəfləyirik.
- “Atırau” ilə oyunda hər hissədə fərqli 11-lik gördük. Heyətlər sanki biraz qarışıq idi. “Krivbass”la oyunda “Qəbələ”nin əsas 11-liyini meydanda görə biləcəyikmi?
- Hazırda “Qəbələ”nin düşərgəsində 27 futbolçu var. Əgər güclü bir komanda olmaq istəyiriksə, bütün oyunçular eyni hazırlıq səviyyəsində olmalıdırlar. İlk oyunda da iki eyni gücə malik komanda yaratmağa çalışdıq. “Krivbass”la matçda da eyni təcrübədən yararlanacağıq. Bu minvalla da futbolçuların nümayiş etdirdikləri oyuna əsasən ilk 11-liyimiz formalaşacaq. İstədiyim odur ki, bu yolla hər bir futbolçu ilk 11-də mübarizə aparacaq səviyyəyə çatsın.