“Bütün oyunlara final matçı kimi çıxacağıq”
Xəbərlər / 3 Mart 2012 | 21:26619
“Bütün oyunlara final matçı kimi çıxacağıq”

Premyer Liqanın 22-ci turunda “Qəbələ” səfərdə “Rəvan” üzərində böyükhesablı qələbə qazandı. Bu qələbə ilə ilk altılıq “qapısını aralayan” Fatih Kavlakın yetirmələri qarşısında indi daha yüksək hədəflər durur. Matçdan sonra sevinclərini gabalafc.az-la bölüşən futbolçular da daha məsuliyyətli dönəmə start verildiyini söylədilər. 
Bu qarşılaşma ilk dəfə start heyətdə meydançaya çıxan gənc Ürfan  Abbasov üçün xüsusilə yaddaqalan oldu:
“İlk dəqiqələrdə çox həyacanlı idim. Komanda yoldaşlarımın dəstəyi ilə dəqiqələr ötdükcə bu həyəcanı üzərimdən atmağı bacardım. Pis və ya yaxşı oynadığımı deyə bilmərəm. Bunu baş məşqçimiz və ətrafdan baxanlar söyləyə bilərlər. Qalib heyətdə yer aldığım üçün çox sevincliyəm.Indi bizi daha çətin və məsuliyyətli mərhələ gözləyir. İnanıram ki, kollektiv olaraq məqsədimizə nail olacağıq”.

Qələbənin memarlarından olan Luis Hilario Dodo artıq diqqətlərini “Kəpəz”lə qarşılaşmaya yönəltdiklərini bildirdi:
“Komandamız matça sürətli başladı və layiqli qələbə qazandı. Kollektiv olaraq çox məmnunuq. Altılığa belə böyükhesablı qələbə ilə vəsiqə qazanmaq gözəl oldu. Artıq “Kəpəz”lə oyuna köklənmişik. Qələbə seriyamızı davam etdirmək istəyirik. Hədəfimiz məlumdur – Avropaya vəsiqə qazanmalıyıq. Bu nəticəyə çatmaq üçün hər oyuna final matçı kimi çıxacağıq. Bizi güclü rəqiblərlə mübarizə gözləyir. Qarşımıza qoyulan tapşırığın öhdəsindən gələcəyimizə inanıram”.