Misli Premyer Liqasının XVII turunun “Səbail” - “Qəbələ” oyunundan (3:0) sonra “qırmızı-qaralar”ın məşqçisi Xaqani Məmmədovun mətbuat konfransı keçirilib. Sizi 47 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:
"Həftə ərzində çalışdıq ki, oyunçuları motivasiya edək, təmasda olaq, danışaq. Komanda oyuna ruhsuz çıxmışdı. Bu səbəbdən də oyunumuz alınmadı və məğlub olduq. Komanda ilə təmasda olub, problemlərini öyrənmək istəyirik ki, məqsədləri nədir. Oturub futbolçularla danışırıq, onlar problemləri olmadığını deyirlər. Çalışırıq ki, oynayaq, amma alınmır. Bu matça necə hazırlaşmışdıqsa, "Sabah"la da oyuna elə hazırlaşacağıq. Çalışacağıq ki, ən yaxşısını edək. Komanda turnir cədvəlinin aşağı pillələrində olduğu üçün oyunçuların əhval-ruhiyyəsi yaxşı deyil. Futbolçular bir şey olan kimi, hakimə, rəqibə reaksiya verirlər. Ona görə qırmızı alırlar. Onları cəzalandırırıq. Gələcəkdə belə hal olsa, yenə cəzalandıracağıq. Çalışacağıq ki, komandanı bu durumdan çıxaraq”.