Cavidin qolu «Qəbələ»yə yetmədi
Xəbərlər / 2 İyul 2015 | 18:20250
Cavidin qolu «Qəbələ»yə yetmədi

“Dinamo” (Tiflis, Gürcüstan) – “Qəbələ” – 2:1
Avropa Liqası. I təsnifat mərhələsi, ilk oyun
02 iyul 2015. Saat 21:00. Boris Payçadze adına “Dinamo Arena” stadionu
Baş hakim: Roi Reynşreyber (İsrail)
Baş hakimin köməkçiləri: David Elias Biton, İdan Yarkoni (hər ikisi İsrail)
Ehtiyat hakim: Zvi Levi (İsrail)
UEFA nümayəndəsi: George Fantaros (Yunanıstan)
Hakim-inspektor: Siril Zimmermann (İsveçrə)
Sarı vərəqələr: George Floresku, 35, Vitali Vernidub, 69, Laşa Totadze, 79, Aleksandr İaşvili, 81
Qırmızı vərəqə: Giorgi Qvelesiani, 50
Qollar: Cambul Ciqauri, 65, Cavid Hüseynov, 74, Giorgi Papunaşvili, 84
Artırılan vaxt: I hissədə 1 dəq., II hissədə 5 dəq.

Bu gün “Qəbələ” 2015/16 mövsümündə ilk oyununu keçirib. Azərbaycanı Avropa Liqasında təmsil edən “qırmızı-qaralar” avrokuboklardakı 2-ci mövsümünə Tiflis “Dinamo”su ilə qarşılaşma ilə başlayıb. Gürcüstandakı qarşılaşma qonşu ölkənin ən böyük stadionu olan Boris Payçadze adına “Dinamo Arena”da baş tutub. Baş məşqçi Roman Qriqorçuk mövsümün ilk oyununda 5 debütanta şans verib. Arif Daşdəmirov, ukraynalılar Vitali Vernidubla Aleksey Antonov, estoniyalı Sergey Zenyov və rumıniyalı George Floresku “qırmızı-qara” formada ilk rəsmi matça çıxıb. Oyuna meydan sahibləri fəal başlasa da, matçda ilk künc zərbəsini “Qəbələ” qazanıb. Arif Daşdəmirovun yerinə yetirdiyi standart vəziyyət Rafael Santosun təhlükəli zərbəsi ilə yadda qalıb. İlk dəqiqələrdə üstünlüyə yiyələnən “Dinamo”nun ardıcıl zərbələrinin qarşısına bəzən müdafiəçilər, bəzən Dmitri Bezotosnı alıb. O, əvvəl Ciqauri, ardınca Papunaşvilinin zərbəsini dəf edib. Meydan sahiblərinin start təzyiqinin qarşısını alan “qırmızı-qaralar” oyunda tarazlıq yarada bilib. 32-ci dəqiqədə künc zərbəsindən sonra qapıçının uzaqlaşdırmaq istədiyi topa yiyələnən George Floreskunun qapıya göndərdiyi top müdafiəçiyə toxunaraq, qapı xəttindən çıxıb. Tiflislilərin ən fəallarından olan Papunaşviliniin 37-ci dəqiqədəki zərbəsi qapı çatına tuş gəlib. Hissənin sonlarında komandamız ardıcıl qol imkanları yaratsa da, bunlardan yararlana bilməyib. 39-cu dəqiqədə “Qəbələ”nin bəxti gətirməyib. Sürətli hücum zamanı sağdan cərimə meydanına yaxınlaşan Rikardinyonun qüvvətli zərbəsi qapıçının yanından ötsə də, rəqib müdafiəçi topu boş qapıdan çıxarıb. İki dəqiqə sonra Aleksey Antonov qola yaxın olub. O, sağ cinahla irəliləyib, cərimə meydanında daxil olan Ürfan Abbasovun qapı önünə ötürməsini tamamlaya bilməyib. Rikardinyo sol cinahdan ötürmə zamanı isə bir neçə metrdən çərçivəyə düşə bilməyərək, real qol imkanını qaçırıb.

İkinci hissə qarşılıqlı hücumlarla başlayıb. Gürcüstan təmsilçisinin futbolçuları komandamızın hücum cəhdlərindən birinin qarşısını yolverilməz hərəkətlə dayandırıb. Nəticədə 51-ci dəqiqədə Qvelesiani Sergey Zenyova qarşı aşkar kobudluğa görə qırmızı vərəqə alıb. Meydanda say üstünlüyü qazanan “Qəbələ”nin hücumları daha da artıb. Lakin gürcüstanlılar əvəzetmələr hesabına oyunda dönüş yaratmağa nail olub. 65-ci dəqiqədə isə Papunaşvilinin ötürməsindən sonra Ciqauri hesabı açıb – 1:0. Ardınca meydan sahiblərinin veteranı İaşvili də fərqlənməyə yaxın olsa da, əlverişli mövqedən imkanı qaçırıb. Oyunda dönüş yaratmaq istəyində olan Qriqorçuk təcrübəli Dodo və Rəşad Sadiqovu meydana buraxıb. Onların yarımmüdafiə xəttini gücləndirməsi qolla nəticələnib. Sol cinahdan hücum zamanı müdafiəçilərin uzaqlaşdırdığı topu saxlamadan qapıya ünvanlayan Cavid Hüseynov təxminən 20 metr məsafədən rəqib qapıçısını məyus edib – 1:1. Bu top “Qəbələ”nin avrokuboklarda ilk qolu olub. Qarşılıqlı hücumların birində Sintsadzenin cərimə zərbəsi qapı tirindən dönüb. Hakimin final fitinə 6 dəqiqə qalmış isə meydan sahibləri qələbə qoluna sevinib. Qapıçının başladığı hücumu Giorgi Papunaşvili tamamlayıb – 2:1. Matça əlavə olunmuş dəqiqələrdə Antonov bərabərlik qolunu vurmağa yaxın olsa da, cərimə meydanı daxilindən “çərçivə”yə düşməyib.
Qeyd edək ki, “Qəbələ” və “Dinamo” arasında cavab oyunu iyulun 9-da keçiriləcək. Qəbələ şəhər stadionundakı görüş saat 21:00-da başlayacaq.

“Dinamo”

12. Libor Qridliçka
3. Laşa Totadze (k)
5. Arçil Tvildiani
30. Giorgi Qvelesiani
57. Zaza Çelidze
6. Mate Sintsadze
10. Giorgi Papunaşvili
13. Otar Kiteişvili
(25. Rene Santos, 54)
31. Cambul Ciqauri
77. Vaxtanq Çanturişvili
(14. Laşa Parunaşvili, 79)
11. Giorgi Kvilitaya
(9. Aleksandr İaşvili, 62)

Ehtiyat oyunçular:

21. Giorgi Beqaşvili
17. Giorgi Quruli
22. Saba Lobjanidze
8. Baçana Arabuli

Baş məşqçi: Giya Gegugadze

“Qəbələ”

22. Dmitri Bezotosnı
15. Vitali Vernidub
20. Rikardinyo
21. Arif Daşdəmirov
(10. Dodo, 73)
34. Ürfan Abbasov
44. Rafael Santos
5. Georgi Floresku
(6. Rəşad Sadiqov, 72)
14. Cavid Hüseynov (k)
19. Aleksey Qay
9. Sergey Zenyov
69. Aleksey Antonov

Ehtiyat oyunçular:

1. Andrey Popoviç
3. Vojislav Stankoviç
8. Məhəmməd Mirzəbəyov
11. Asif Məmmədov
66. Samir Zərgərov

Baş məşqçi: Roman Qriqorçuk