Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Cavid Çələbiyev Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Dünya çempionumuz Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlməklə Yaponiyanın paytaxtında iştirak hüququna sahib olub. 63 kq çəki dərəcəsində mübarizə aparan 29 yaşlı boksçu 1/8 finalda Corc Batesdən (İrlandiya) üstün olub. Qəbələli boksçu ötən il Böyük Britaniyanın paytaxtı Londonda başlayan, lakin koronavirus pandemiyası üzündən dayandırılan yarışın 1/16 final mərhələsində Kiril Rusinov (Bolqarıstan) üzərində qələbə qazanıb.
İyulun 23-dən avqustun 8-dək keçiriləcək Tokio Olimpiadası Çələbiyevin ikinci belə yarışı olacaq. 2013-cü ildə dünya, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının çempionu olan boksçu 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiadada da iştirak edib.