Çertoqanovun qolu «Qəbələ»yə yetmədi - Fotoreportaj
Xəbərlər / 23 İyul 2012 | 20:17280
Çertoqanovun qolu «Qəbələ»yə yetmədi - Fotoreportaj

Sloveniyada hazırlıqlarını davam etdirən “Qəbələ” adıçəkilən ölkədə dördüncü yoxlama oyununu keçirib. Serbiya təmsilçisi “BSK Borça” ilə üz-üzə gələn komandamız matçda aşağıdakı heyətlə mübarizə aparıb:

Anar Nəzirov, Omar Kalabane (Vurğun Hüseynov ), Murad Musayev (Nodar Məmmədov), Rəşad Abdullayev (Ürfan Abbasov), Aleksandr Çertoqanov (Deyan Kelhar), Şəhriyar Xəlilov,  Yaşar Abuzərov (Seymur Əsədov), Kamal Mirzəyev (Muammer Erdoğdu), Daniel Kruz, Rövşən Əmiraslanov (Elmar Baxşıyev),  Amil Yunanov (Yannik Kamanan).  

 Görüşün ilk dəqiqələrdən “Qəbələ”nin sürətli hücumları ilə başlayıb. Xüsusən cinahlardan Rəşad Abdullayev və Rövşən Əmiraslanovun keçidləri rəqibi ilk hissə ərzində daim təzyiq altında saxlayıb.  32-ci dəqiqədə komandamız üstünlüyünü qola çevirib. Alaksandr Çertoqanov Rövşən Əmiraslanovun ötürməsindən sonra topu cərimə meydançasının  önündən qüvvətli zərbə ilə tora göndərib. 5 dəqiqə sonra isə “Qəbələ” hesabı artırmaq şansından yararlana bilməyib. Cərimə meydançası daxilində Rəşad Abullayevin qarşısının kobudluqla alınmasından sonra hakim rəqibin qapısına penalti təyin edib. Topa yaxınlaşan Daniel Kruzun zərbəsi qapı tirinə tuş gəlib.

İkinci hissəyə hər iki tərəf  müəyyən əvəzetmələrlə çıxıb.  Final fitinə kimi matç bərabər mübarizə şəraitində keçsə də, rəqib əlinə düşən iki imkanı maksimum dəyərləndirib. Beləliklə, “Qəbələ” Sloveniyada keçirdiyi 4-cü yoxlama oyunundan da məğlubiyyətlə ayrılıb – 1:2.

Xatırladaq ki, yüngül zədəsi olan Luis Hilario Dodo və Rəşid Əmiraslanov heyətdə yer almayıblar.