“Qəbələ” 2013-cü ilin ilk transferini reallaşdırıb. Təcrübəli yarımmüdafiəçi Ceyhun Sultanovla 1 illik müqavilə imzalanıb. Daha öncə “Fərid” (1996/97), “Neftçi” (1997/98), “Bakı” (1998-01, 2003-2005), “Maşınsazi” (İran, 2003), “Xəzər Lənkəran” (2006-10), “Kəpəz” (2010-12) kimi komandalarda top qovan futbolçu cari mövsümün ilk yarısını “Sumqayıt”da keçirib. “Bakı”da 19, “Kəpəz”də 7, “Xəzər Lənkəran”da 3, “Sumqayıt”da 1 dəfə fərqlənən yeni transfer ümumilikdə 30 qol vurub.
Ceyhun Sultanov 2 dəfə Azərbaycan çempionu, 2 dəfə Azərbaycan kubokunun qalibi olub. 2008-ci ildə isə “Birlik kuboku”nu qazanıb.
Qeyd edək ki, Azərbaycan milli komandasında 16 oyun keçirən Sultanov 1 qol vurub və 1 matça kapitan sarğısı ilə çıxıb.
Transferin reallaşmasından sonra 33 yaşlı yarımmüdafiəçi fikirlərini gabalafc.az-la bölüşüb:
"Qəbələ" hazırda şəraitinə, həm yerli, həm legioner futbolçularının səviyyəsinə və futbola ayırdığı diqqətə görə ölkənin ən öndə gələn klublarındandır. Bu səbəbdən "Qəbələ"ni seçərkən tərəddüd etmədim. Təcrübəmdən yararlanaraq yeni komandama kömək etməyə çalışacağam. Klubun hədəflərindən xəbərdaram. İnanıram kı, eyni hədəfə köklənib istədiyimiz nəticələri qazanacağıq və "Qəbələ"ni Avropada təmsil etmək imkanı əldə edəcəyik".