Coşqun «Fənərbaxça»nı sevinməyə qoymadı - Fotoreportaj
Xəbərlər / 27 Sentyabr 2012 | 06:05347
Coşqun «Fənərbaxça»nı sevinməyə qoymadı - Fotoreportaj

İstanbulda təlim-məşq toplanışında olan “Qəbələ”nin 16 yaşa qədər futbolçulardan ibarət komandası qardaş ölkədə ikinci yoxlama oyununu keçirib. Bu dəfə təmsilçimizin rəqibi Türkiyənin ən tanınmış klublarından sayılan “Fənərbaxça” olub. 

Dərəağzı Təsislərində baş tutan matçın ilk hissəsi bərabər mübarizə şəraitində keçib. Tərəflərin qarşılıqlı hücumlarına baxmayaraq birinci yarıda hesab açılmayıb.

İkinci yarıya “Qəbələ” daha sürətli başlayıb. Lakin hücuma aludə olan komandamız əks-hücumda yaxalanıb və qapısında qol görüb. Hesabda geri olmasına baxmayaraq ruhdan düşməyən 16 yaşlılarımız hücumlarının kəsərini artırıblar. Bunun məntiq nəticəsi kimi “Fənərbaxça”nın qapısı önündə ardıcıl təhlükəli vəziyyətlər reallaşdırılıb. Öncə komandamızın kapitanı Romal Hüseynov diqqət mərkəzinə düşüb. O fərdi ustalıgı sayəsində müdafiə xəttini yarsa da, sonda zərbəsi qeyri-dəqiq alınıb. Ardından isə Fərid Əsədli əlverişli epizodu dəyərləndirə bilməyib. O, qapı önünə ötürülən topa başla toxunsa da, “meşin yuvarlaq” hədəfdən yan keçib. İstanbulluların müdafiə xəttini təzyiq altında saxlayan “Qəbələ”nin növbəti hesabı dəyişmək şansı Ülvi İskəndərovun ayağına yazılıb. Lakin o da qeyri-dəqiqliklə yadda qalıb. Matçın 80-ci dəqiqəsində “Qəbələ” nəhayət ki, öz istəyinə çatıb. Çingiz Hüseynovun ideal ötürməsini Coşqun Süleymanov qapıçının başı üzərindən tora göndərib – 1:1. Qarşılaşmanın qalan dəqiqələrində komandamızın daha bir neçə fərqlənmək imkanı olsa da, hesab dəyişməyib və “Qəbələ” İstanbuldakı ikinci yoxlama oyunundan da heç-heçə ilə ayrılıb. 

Xatırladaq ki, “Qəbələ” ilk oyunda “Beşiktaş”la sülh bağlamışdı – 2:2. Növbəti görüş sentyabrın 28-də baş tutacaq. Təmsilçimiz  “Galatasaray”la münasibətlərinə aydınlıq gətirəcək.