«Çox məsuliyyətli və çətin mərhələdə olduğumu anlayıram»
Xəbərlər / 7 Yanvar 2014 | 14:03266
Xəbər verdiyimiz kimi "Qəbələ"nin Antalya toplanışına əvəzedici heyətdən iki futbolçu - Şirməhəmməd Məmmədov və Salman İbrahimov da cəlb edilib. Artıq 2 gündür qardaş ölkədə hazırlıq keçən "qırmızı-qaralar"ın əsas heyəti ilə məşqlərə çıxan gənc futbolçular çalışqanlıqları ilə komanda yoldaşlarından geri qalmırlar. Əvəzedicilər çempionatında müdafiə xəttindəki inamlı oyunu ilə diqqət çəkən Şirməhəmməd Məmmədov gabalafc.az-a açıqlamasında əsas komanda ilə məşqlərə çıxmağın sevindirici və eyni zamanda məsuliyyətli olduğunu söylədi. Müdafiəçi ona verilən şansı lazımınca dəyərləndirmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirdi: "Əvəzedici komandanın heyətində özümü doğrulmaq üçün hər zaman səylə çalışmışam. Bu səbəbdən əsas komandanın məşqlərinə dəvət alacağıma ümid edirdim və inanırdım bu yaxın vaxtlarda baş tuta bilər. Sevindirici haldır ki, bu arzum reallaşdı. Artıq komanda ilə məşqlərdə iştirak edirəm. Amma çox məsuliyyətli və çətin mərhələdə olduğumu anlayıram. Mənə verilən şansı dəyərləndirmək üçün var gücümlə çalışacağam. İlk məşqdə nisbətən həyəcanlı idim. Amma təcrübəli komanda yoldaşlarım və məşqçilər mənə dəstək olurlar. Bu da meydançada özümü rahat hiss etməyə yardım edir".
Xatırladaq ki, 18 yaşlı futbolçu "Qəbələ" Futbol Akademiyasının yetirməsidir. O, 14 yaşından Qəbələdə futbolun sirlərinə yiyələnir. 15 yaşından etibarən aşağı yaş qrupları üzrə milli komandalara dəvət alan Şirməhəmməd hazırda U-19 yığmasının üzvüdür.