“Çox yaxşı oyun oldu”
Xəbərlər / 8 Avqust 2025 | 10:3510384
“Çox yaxşı oyun oldu”

Yoxlama oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Sumqayıt” matçından (2:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadze gabalafc.az saytına açıqlama verib. Təcrübəli mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:

 

“İlk növbədə “Sumqayıt”a təşəkkür etmək istəyirəm. Çox yaxşı oyun oldu. Həm sürətdə, həm də birəbir mübarizələrdə hər iki komanda yaxşı çıxış etdi. Təlim-məşq toplanışının sonuna çatırıq. Futbolçularda yorğunluğun olması gözlənilirdi. Lakin bunu heç bir komandada görmədik. Çoxlu qol vəziyyətləri yaradırıq. Sadəcə son nöqtəni qoymaqda müəyyən problemlərimiz olur. Buraxdığımız qollar  öz səhvlərimizin nəticəsi idi. Gənc futbolçulara hələ təcrübə lazımdır. Oyunun sonuna yaxın ikinci mərkəz hücumçusuna şans verdik. Bu cür planlar hər zaman fikrimizdə olur. “Sumqayıt”la oyunda da bunu yoxladıq və nəticə etibarilə daha çox hücum şansımız yarandı. Hazırlıq prosesindən və futbolçularımızdan çox razıyam. Yeni transferlərimiz də oldu. Düzdür, hələ komandaya uuğunlaşa bilməyiblər. Buna isə müəyyən zaman lazımdır. Hazırda yeganə narahat olduğumuz məqam budur”.