Cüdoçularımız Avropa çempionatında 1 qızıl və 1 gümüş qazandı
Cüdo / 15 Sentyabr 2017 | 22:231069
Cüdoçularımız Avropa çempionatında 1 qızıl və 1 gümüş qazandı

“Qəbələ” İdman Klubunun gənc cüdoçuları növbəti uğurunu qazanıb. Təmsilçilərimiz Sloveniyanın Maribor şəhərində keçirilən gənclər arasında Avropa çempionatında iki medal əldə edib. 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, öncə Konrad Şoka (Belarus), David Vopat (Çexiya) və Naoufal Əzzərrad (Belçika) üzərində qələbələri sıralayıb. Yarımfinalda rusiyalı Ramazan Abdulayevə qalib gələn idmançımız qızıl medal uğrunda qarşılaşmada belçikalı Yorre Versraeteni məğlub edib.
Digər cüdoçumuz 55 kq çəki dərəcəsində çıxış edən Rəxşən Baxşəliyev isə gümüş medala yiyələnib. O, avstriyalı Valentino Krnjiç və macarıstanlı Daniele Monorini məğlub etməklə yarımfinala yüksəlib. Bu mərhələdə italiyalı Andrea Karlinonu məğlub edən idmançımız həlledici görüşdə rusiyalı Murtaz Şeriyevə uduzub. Bununla da, “Qəbələ” İdman Klubunun üzvləri Avropa çempionatında 1 qızıl və 1 gümüş medal qazanıb.