Cüdoçularımızdan 3 qızıl medal
Cüdo / 24 Dekabr 2016 | 00:19982
Cüdoçularımızdan 3 qızıl medal

Cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub. İki gün davam edən yarışda “Qəbələ” İdman Klubunun təmsilçiləri də çıxış edib. Çempionatda uğurla çıxış edən idmançılarımız 10 medal qazanıblar. Yarışın ilk günündə Aişə Qurbanlı 48 kq çəki dərəcəsində ölkə çempionu adına yiyələnib. Onunla eyni kateqoriyada çıxış edən Şəfəq Həmidova 3-cü yerin sahibi kimi fəxri kürsüyə qalxıb. Qadınların yarışında idmançılarımız daha üç medal əldə edib. Yalnız finalda uduzan Nərminə Əlizadə (+78 kq) gümüş, Leyla Şahin (57 kq) və Fəridə Qurbanova (63 kq) bürünc medala sahib çıxıblar. Kişilərin mübarizəsində ilk gün Mehman Sadıxovun finala yüksəlməsi ilə əlamətdar olub. 60 kq çəki dərəcəsində çıxış edən idmançımız həlledici görüşdə uduzaraq 2-ci yeri tutub. Bu gün daha 4 idmançımız fəxri kürsüyə qalxıb. Onlardan ikisi Azərbaycan çempionu tituluna yiyələnib. Uşanqi Kokauri (+100 kq) və Cəlil Şükürov (100 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medallara sahib çıxıblar. Sonuncu ilə eyni çəki dərəcəsində çıxış edən Ruslan Aslanov 3-cü olub. Rüfət İsmayılov (81 kq) isə çempionatı gümüş medalla başa vurub. 

Beləliklə, klubumuzun cüdoçuları iki gün davam edən Azərbaycan çempionatında 3 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb.