Cüdoçularımızdan 4 medal
Xəbərlər / 6 Mart 2016 | 10:01131
Cüdoçularımızdan 4 medal

“Qəbələ” İdman Klubunun cüdoçuları Azərbaycan milli komandasının heyətində növbəti uğurlarını qazanıb. Panamerikan Open və yeniyetmələrin Avropa kuboku yarışlarına qatılan təmsilçilərimiz ümumilikdə 4 medal qazanıb. Perunun paytaxtı Limada cüdo üzrə Panamerikan Open turniri keçirilib. Yarışda iştirak edən Azərbaycan millisinin heyətində “Qəbələ” İdman Klubunun üzvləri də tatami üzərinə çıxıb. Təmsilçilərimiz Cənubi Amerikada 2 medal qazanıb. Kişilərin 60 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli bütün rəqiblərinə qalib gəlib, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qadınların 48 kq çəki dərəcəsində mübarizə aparan Aişə Qurbanlı isə bürünc mükafat qazanıb.
Türkiyənin Antalya şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku keçirilib. Qonşu ölkəyə yollanan Azərbaycan millisinin heyətində “Qəbələ” İdman Klubunun cüdoçuları da uğurla çıxış edib. Təmsilçilərimiz Antalyada 2 qızıl medal qazanmağa nail olub. Keçirdiyi 4 qarşılaşmanın hamısında tatamini qələbə ilə tərk edən Rövşən Əliyev 50 kq çəki dərəcəsində qızıl medala yiyələnib. Qızların 44 kq çəki dərəcəsində qüvvəsini sınayan Şəhanə Hacıyeva da tatami üzərində 4 qələbə qazanaraq, Avropa kubokunun qalibi olub.