Cüdoçularımızdan yaddaqalan nəticə: 2 qızıl, 1 bürünc
Cüdo / 28 Fevral 2019 | 18:561138
Cüdoçularımızdan yaddaqalan nəticə: 2 qızıl, 1 bürünc

Gənc cüdoçular arasında Azərbaycan çempionatı “Qəbələ” İdman Klubunun təmsilçiləri üçün uğurla başa çatıb. Təmsilçilərimiz yarışı 2 qızıl və 1 bürünc medalla yekunlaşdırıblar. 44 kq çəki dərəcəsində çıxış edən qızların mübarizəsində klubumuzun iki cüdoçusu mükafatçılar sırasına düşüb. Bütün qarşılaşmalarda qalib gələn Gülşən Bəşirova qızıl medal qazanıb və Azərbaycan çempionu tituluna yiyələnib. Aygün Hacıyeva isə birinciliyin bürünc medalını əldə edib.

Mükafatçılar sırasına düşən hər iki idmançımız klubun Qəbələ bölməsinin yetirməsidir. Yeniyetmələrin yarışlarında da qüvvəsini sınayan, Abrıx kəndini təmsil edən çempion həm də idman ustası adına yiyələnib. O, “Qəbələ”nin cüdo bölməsində buna nail olan ilk xanım idmançıdır. Gülşən həm də bölmənin gənclərin Azərbaycan çempionatında qızıl medala yiyələnən ikinci təmsilçisidir.

İmran Yusifov isə oğlanların mübarizəsində fərqlənib. O, +100 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələnib.