Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında Avropa kubokuna start verilib. “Qəbələ” İdman Klubunun cüdoçusu Nəriman Əhmədov yarışda uğurla çıxış edib. Azərbaycan milli komandasının üzvü yarışda keçirdiyi 4 qarşılaşmadan üçündə qalib gəlib. Bolqarıstanlı Nikola Qalabov və yığmadakı komanda yoldaşı Natiq Qurbanlını məğlub edən Əhmədov yarımfinalda rumıniyalı Vlad Lunkandan güclü olub. Yalnız finalda uduzan idmançımız millimizin daha bir üzvü Kəramət Hüseynova yenilib. Bununla da Əhmədov Avropa kubokunun gümüş medalına yiyələnib.