“Qəbələ” İdman Klubunun cüdoçusu Gülşən Bəşirova dünya çempionatında gümüş medal qazanıb. 48 kq çəki dərəcəsində çıxış edən idmançımız Qazaxıstanın Almatı şəhərində təşkil olunan yeniyetmələr arasında dünya çempionatının komanda yarışlarında uğura imza atıb. Turnirin son günündə keçirilən komanda yarışına Gülşənin də heyətində yer aldığı Azərbaycan yığması 1/8 finalda Çin Taypeyi, 1/4 finalda isə Avstraliyaya qalib gəlib. Yarımfinalda Rusiyadan üstün olan komandamız həlledici qarşılaşmada Yaponiyaya uduzub. Bununla da yeniyetmələrdən ibarət komandamız tarixində ilk dəfə dünya çempionatında 2-ci yeri tutub.