Misli Premyer Liqasının XX turunun “Neftçi” – “Qəbələ” oyunundan (3:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 44 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Dinamik oyuna şahidlik etdik. Meydanda bir-birinə layiq rəqiblər var idi. Komandamızın göstərdiyi əzmkarlıqdan razı qaldım. Əlbəttə, nəticə yoxdur. Biz də başa düşürük ki, futbolda ən önəmli olan nəticədir. Son oyunlarda istədiyimizi futbolçulardan alırıq, amma nəticəyə çatmırıq. Daha çox çalışmaq lazımdır ki, həmin uğurlu nəticəyə çataq. Hər matçda qırmızı vərəqə, penalti ilə cəzalananda şansımız daha da aşağı düşür. Bunları azaltsaq, oyun planında inkişaf edərik. Hər bir futbolçumuza inanırıq. Oyunçularımız təslim olmayıb, mübarizə aparmaq istəyirlər. Daha məsuliyyətli olacağıq ki, uğur qazanaq. Azarkeşlər sonuncu yerdə qərarlaşan komandadan razı qala bilməz. Onları da başa düşürük. Ümid edirik ki, bu komanda toparlanacaq və daha uğurlu olacaq”.