Topaz Premyer Liqasının V turunun “Qəbələ” - “Sumqayıt” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Çox çətin matç idi. Belə olacağını bilirdim. Ona görə çətin idi ki, maksimum qüvvə sərf etməli idik. “Sumqayıt” çox sürətli komandadır. Belə rəqiblə elə sürətli oynamaq lazımdır. Əks-halda çox çətin olur. Sanki həm PAOK, həm “Sumqayıt”la qarşılaşmada oynayanlara bir az emosiya çatmadı. Həmin matçda futbolçular çox güc və emosiya sərf etmişdilər. Bu, qol imkanlarının yaradılmasındakı çətinliyə görə belə görünür. Amma komandamız çox hücum edib, rəqibi təzyiq altında saxladı və sonadək sıxıb, istəyinə çatdı. 4 gün əvvəl meydana çıxanlardan Aleksey Qay, qolla nəticələnən penaltini qazanan Dodo matç boyu hərəkətdə idi. Futbolçularıma irad bildirə bilmərəm. Daha yaxşı oynamaq istəyirik. Özü də bunu avrokubok və çempionat oyunlarının indiki qrafikində, rəqibdən asılı olmayaraq etməliyik. Bütün oyunlara eyni yanaşmaq üçün qüvvəmizi bərabər bölüb, emosiyaları tənzimləməliyik. Nəticələrimizə şadıq. “İnter”lə matçda qalib gəlməli oyunu uduzduq. Futbolda tək qapıya oynayıb, məğlubiyyətlə nəticələnən matçlar olur. PAOK-la qarşılaşmada çox yaxşı oynadıq. Qalib gələ də bilərdik”.