«Daha yaxşı və iddialı olacağıq»
Xəbərlər / 26 İyul 2023 | 19:571693
«Daha yaxşı və iddialı olacağıq»

“Qəbələ” sabah UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Omoniya” ilə ilk oyununa çıxacaq. Qəbələ şəhər stadionunda baş tutacaq görüş ərəfəsində “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 43 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik: 

“Hazırlıq dövründə dörd yoxlama görüşü keçirdik. Komanda oyundan-oyuna istədiyim futbolu göstərməyə çalışırdı. İnanıram ki, ötən mövsümdəkindən daha yaxşı və iddialı olacağıq. Rəqib yaxşı, balanslaşmış komandadır. Məni rəqib deyil, öz oyunumuz düşündürür. İnanıram ki, bu qarşılaşmalarda da ən yaxşısını edəcək və nəticəyə çatmağa çalışacağıq. İstəyimiz komandanın daim hücumda oynamasıdır. Amma müdafiəsiz də futbol olmur. Hər iki aspektdə daha yaxşı çıxış etməliyik ki, sabahkı görüşdə uğur qazanaq. Yeni uğur qazanmağın mümkün olduğuna inanıram. Funksional olaraq matça hazırıq. Heyət yeni olsa da, iddiamız var. İnanıram ki, daha yaxşı “Qəbələ” görəcəyik. Məni düşündürən oyun keyfiyyətləridir. Komanda istədiyim futbolu göstərəndə nəticələr də olacaq”.