«Dalğa Arena»da qolsuz sülh
Xəbərlər / 12 Avqust 2016 | 18:54330
«Dalğa Arena»da qolsuz sülh

“Qəbələ” – “İnter” – 0:0
12 avqust 2016. Saat 20:00. “Dalğa Arena”, 500 tamaşaçı
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Nahid Əliyev, Knyaz Əmiraslanov
Dördüncü hakim: Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Vüsal Əliyev
Sarı vərəqələr: Rafael Santos, 6 (qeyri-idman hərəkəti); Urfan Abbasov, 31 (perspektivli hücumun qarşısını kəsdiyinə görə); Teo Uiks, 86 (qeyri-idman hərəkəti); Sergey Zenyov, 90 (qeyri-idman hərəkəti) // Fuad Bayramov, 21 (rəqibi tutduğuna görə); İlkin Qırtımov, 50 (qeyri-idman hərəkəti); Samir Zərgərov, 84 (qeyri-idman hərəkəti); Zurab Xizanişvili, 86 (qeyri-idman hərəkəti)
Qolla nəticələnməyən penalti: Nika Kvekveskiri, 53
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.

Bu gün Topaz Premyer Liqasında II turun növbəti oyunu keçirilib. Günün yeganə qarşılaşması “Dalğa Arena”da baş tutub. “Qəbələ” paytaxtda keçirdiyi ev oyununda “İnter”i qəbul edib. “Qırmızı-qaralar” ilk turda qalib gələn komandaların duelinə dəyişikliklərlə çıxıb. Belə ki, ötən turun “Kəpəz”lə oyunu ilə müqayisədə start heyətində 4 dəyişiklik edilib. Vojislav Stankoviç, Rəşad Sadiqov, Baqali Dabo və Teo Uiks bu dəfə “11-lik”də yer almayıblar. Sadiqovun yoxluğunda Rafael Santos matça kapitan kimi başlayıb. İlk dəfə meydana kapitan kimi çıxan braziliyalı klub tarixinə buna layiq görülən 36-cı futbolçu kimi düşüb. Vitali Vernidub, Tellur Mütəllimov, Nika Kvekveskiri və Sergey Zenyov ilk dəqiqələrdən meydana çıxıblar.
Oyuna fəal başlayan “Qəbələ” elə ilk dəqiqədə rəqib qapısı önündə gərginlik yaradıb. Lakin cərimə meydanına daxil olan Sergey Zenyov hücumu sonluğa çatdıra bilməyib. Qarşılıqlı hücumlarla davam edən oyunda növbəti həmlə bakılılardan gəlib. Cərimə zərbəsindən sonra Manuel Skarlatakenin zərbəsi dəqiq olmayıb. Cüzi ərazi üstünlüyünə malik “qırmızı-qaralar” daha bir neçə dəfə təhlükə yaratmağa müvəffəq olub. Öncə cinahdan ötürməni Tellur Mütəllimov tamamlaya bilməyib. Ardınca isə paytaxt təmsilçisinin müdafiəçiləri təhlükələrin böyüməsinə imkan verməyib. Daha çox sürət hesabına hücum təşkil etməyə çalışan “İnter” də real qol vəziyyəti yaratmaqda çətinlik çəkib. Filip Ozobiçin təxminən 25 metrdən qapı istiqamətində göndərdiyi top isə qeyri-dəqiq olub. Fasilə öncəsi “Qəbələ” hesabı açmaq imkanı əldə edib. Rəqibin səhvindən yararlanıb topu ələ keçirən Asif Məmmədov cərimə meydanına daxil olsa da, zərbə vurmaq istədiyi anda ayağı sürüşüb. Komandalar o qədər də yüksək tempdə keçməyən ilk yarıdan sonra fasiləyə qolsuz yollanıb.
Roman Qriqorçuk oyunda dönüş yaratmaq üçün Teo Uiksi meydana buraxıb. Meydanı tərk edən Santos kapitan sarğısını Ürfan Abbasova verib. Bu əvəzetmə həm də meydandakı taktiki düzülüşün də dəyişməsi ilə nəticələnib. Komandalar da ikinci hissəyə daha fəal başlayıb. Artıq 48-ci dəqiqədə liberiyalı qol vurmağa yaxın olub. Kvekveskirinin sağ cinahdan ötürməsindən sonra Uiksin yaxın məsafədən baş zərbəsi dəqiq alınmayıb. Bakılılar Nizami Hacıyevin güclü zərbəsi ilə cavab verib ki, Dmitri Bezotosnı qola imkan verməyib. Zenyovun irəliləyib, qüvvətli zərbə vurduğu epizodda isə rəqib qapıçının topa toxunması “mərmi”nin dirəyə toxunub, küncə çıxması ilə nəticələnib. Künc zərbəsindən sonra Vernidubla mübarizədə İlkin Qırtımovun əllə oynaması penalti qərarına səbəb olub. Kvekveskirinin 11 metrlik zərbəsini isə qapıçı dəf edib. Qaytarılan top iti bucaq altında yenidən qapıya göndərilsə də, Səlahət Ağayev topu meydandan çıxarıb. Bundan sonra da qapıçıların inamlı oyunu diqqət çəkib. Qonaqların qolkiperi Uiksin, Bezotosnı isə Ağabala Ramazanovun yaxın məsafədən zərbəsini dəf edib. Ozobiçin cərimə meydanına daxil olub, qapını nişan aldığı epizodda da Ağayev qola imkan verməyib. Matçın sonlarında bakılıların da təhlükəli hücumu reallaşıb. Meydanın özünə aid hissəsindən rəqib qapısı istiqamətində irəliləyən Ramazanov təxminən 30 metrdən qapını nişan alıb. Bu zərbədə də dəqiqlik çatmayıb.
Beləliklə, mövsümün ikinci oyununda da qapısını toxunulmaz saxlayan “Qəbələ” “Dalğa Arena”dan qolsuz sülhlə ayrılıb.

“Qəbələ”
22. Dmitri Bezotosnı
4. Elvin Camalov
7. Nika Kvekveskiri
(18. Baqali Dabo, 76)
9. Sergey Zenyov
11. Asif Məmmədov
15. Vitali Vernidub
17. Məhəmməd Mirzəbəyov
19. Filip Ozobiç
34. Urfan Abbasov
44. Rafael Santos (k)
(27. Teo Uiks, 46)
88. Tellur Mütəllimov
(32. Rəşad Eyubov, 60)

Ehtiyat oyunçular:
33. David Pietrzikeviç
3. Voislav Stankoviç
8. Qismət Alıyev
13. Murad Musayev

Baş məşqçi: Roman Qriqorçuk

“İnter”
1. Səlahət Ağayev
17. Abbas Hüseynov
27. Adrian Skarlatake
14. Zurab Xizanişvili
33. Tərlan Quliyev
(3. Denis Silva Kruz, 64)
22. İlkin Qırtımov
8. Nizami Hacıyev (k)
(6. Samir Zərgərov, 81)
15. Ruslan Abışov
24. Fuad Bayramov
55. Ağabala Ramazanov
11. Rauf Əliyev
(9. Pərdis Fərcad-Azad, 67)

Ehtiyat oyunçular:
13. Orxan Sadıqlı
2. Sərtan Taşqın
10. Elnur Abdullayev
7. Mirsahib Abbasov

Baş məşqçi: Zaur Svanadze