Doğma meydanda ilk məğlubiyyət
Oyun icmalı / 30 Avqust 2014 | 17:19998
Doğma meydanda ilk məğlubiyyət


“Qəbələ” – AZAL 1:2

30 avqust 2014. Saat 19:30. Qəbələ şəhər stadionu. 2800 tamaşaçı
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Elşən Acalov, Nahid Əliyev
Dördüncü hakim: Ramil Əhmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Füzuli Nəcəfov
Sarı vərəqələr: Adrian Ropotan, 3 (qeyri-idman hərəkəti); Pavol Farkas, 45+1 (rəqibə badalaq); Ruslan Abışov, 64 (düzgün olmayan sürüşmə fəndi) // Oskars Klava, 10 (rəqibə badalaq); Eduardo Makiel, 31 (qeyri-idman hərəkəti); 90+3 (qeyri-idman hərəkəti); Laşa Kasradze, 56 (arxadan ayağa zərbə); Luis Ramos, 65 (qeyri-idman hərəkəti); Kərim Diniyev, 69 (rəqibi tutduğuna görə); Stanislav Namaşko, 90 (oyunun bərpasını gecikdirdiyi üçün) 
Qırmızı vərəqə: Eduardo Makiel, 90+3
Qollar: Cavid Hüseynov, 82 (p.) // Rəşad Abdullayev, 45+1 (p.); Kərim Diniyev, 68 
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.

 “Qəbələ” Topaz Premyer Liqasında 4-cü oyununu keçirib. IV turun qarşılaşmasını öz meydanında keçirən Dorinel Muntyanunun yetirmələri AZAL-la görüşüb. Rumıniyalı mütəxəssis son iki turda qalib gələn komandanın start heyətində müəyyən dəyişikliklər edib. Belə ki, Viktor Mendi, Andrey Kristea və Ruslan Tağızadə yenidən ilk “11-lik”də meydana çıxıb. Əvəzində Yazalde Qomeş Pinto, Ekiqo Ehiosun və Ürfan Abbasov start heyətdən kənar qalmışdı.
Doğma azarkeşləri önündə növbəti qələbəni qazanmaq istəyində olan “qırmızı-qaralar” elə ilk dəqiqələrdən üstünlüyü ələ alıb. Bu da erkən qolla nəticələnə bilərdi. Aleksandru Benqanın qola yaxın olduğu vəziyyətdə qonaqları qapıçı xilas edib. Sonrakı dəqiqələrdə də Stanislav Namaşko dəfələrlə komandasını xilas edib. Matçın ən yaxşılarından olub. İlk yarıda aşkar üstünlüyə malik olan “Qəbələ”nin heyətində yenə Ruslan Abışovla Ruslan Əmircanovun fəallığı diqqət çəkib. Lakin fasiləyədək qonaqların qapısı önündə 100 faizlik qol epizodu yaranmayıb. Yalnız uzaq zərbələrdən sonra qapısı önündə gərginlik yaşanan Namaşko inamlı oynayıb. İlk yarının uzatma dəqiqəsində isə Pavol Farkaşla mübarizədə Eduardonun yerdə qalmasını referi penalti ilə dəyərləndirib. AZAL-ın kapitanı Rəşad Abdullayevin zərbəsi dəqiq olub – 0:1.
Fasilədən sonra “Qəbələ” böyük qüvvə ilə irəli atılıb. Bir neçə dəfə oyuna daxil olan qonaqların qapıçısı bərabərlik qolunun qarşısını almağı bacarıb. Muntyanunun hücumameylli futbolçuları meydana buraxması da oyunda dönüş yaratmaq məqsədi daşıyıb. Amma yenə fərqlənən tərəf qonaqlar olub. Kərim Diniyevin gözlənilməz zərbəsindən sonra fərq ikiyə çatıb – 0:2. “Qırmızı-qaralar” matçın 83-cü dəqiqəsində hesab arasında fərqi azaldıb. Sağ cinahdan cərimə meydanına daxil olan Cavid Hüseynov komandaya penalti qazandırıb. Ona qarşı Şəhriyar Rəhimov kobudluq edib. Hüseynov mövsümdə ikinci dəfə 11 metrlik cərimə zərbəsindən dəqiq istifadə edib – 1:2. Bu qoldan sonra “Qəbələ” hesabda tarazlıq yaratmaq üçün hücumlarının davam etdirsə də, hesab dəyişməyib.
Topaz Premyer Liqasının cari mövsümündə ilk ev məğlubiyyətini alan “Qəbələ” aktivindəki 6 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

“Qəbələ”

1. Kamran Ağayev (k)
7. Ruslan Əmircanov
8. Markus Vidal
(21. Yazalde Pinto, 71)
9. Viktor Mendi 
11. Andrei Kristea 
(90. Ekiqo Ehiosun, 61)
12. Aleksandr Benqa
14. Cavid Hüseynov
15. Ruslan Abışov 
16. Ruslan Tağızadə
25. Adrian Ropotan
26. Pavol Farkas
(10. Luiz Hilario, 52)
 
Ehtiyat oyunçular:

30. Anar Nəzirov
4. Elvin Camalov 
34. Ürfan Abbasov
44. Rafael Santos

Baş məşqçi: Dorinel Munteanu

AZAL

16. Stanislav Namaşko
4. Laşa Kasradze
5. Kərim Diniyev 
(7. Təmkin Xəlilzadə, 73)
6. Eduardo Makiel 
9. Aydın Qasımov
(18. Orxan Lalayev, 78)
11. Con Kordoba
12. Luis Ramos
(17. Viktor İqbekoyi, 66)
13. Şəhriyar Rəhimov
15. Oskars Klava
22. Eltun Yaqublu
27. Rəşad Abdullayev (k)

Ehtiyat oyunçular:

49. Taleh Əsədov
3. Xuan Fransisko
20. Freddi Mombonqo
21. Novruz Məmmədov

Baş məşqçi: Tərlan Əhmədov