Misli Premyer Liqasının XXXI turunun “Qəbələ” – “Qarabağ” oyunundan (1:1) sonra komandamızın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:
“Birinci növbədə futbolçulara xarakter göstərdikləri üçün təşəkkür edirəm. Vacib oyun idi. “Qarabağ” güclü heyətilə meydana çıxmışdı. Çox güclü komandaya qarşı mübarizə apardıq. “Qarabağ” Çempionlar Liqasında möhtəşəm oyun göstərdi, möhtəşəm nəticələrə nail oldular. Bu, Qurban Qurbanovun əməyinin nəticəsidir. Azərbaycan futbolu onun sayəsində Avropada və dünyada tanınır.
Oyuna gəlincə, qol vəziyyətlərimiz oldu. Səlahət Ağayevi xüsusi qeyd edərdim. Penaltini qaytararaq real qoldan qurtardı. Qarşıda daha iki oyunumuz var. Hər ikisi finala bərabər görüşlərdir. Tez bərpa olunub növbəti oyunlara hazırlaşmalıyıq. Belə yüksək səviyyəli komandaya qarşı dolu tribunalar önündə oynamaq xoş idi. Sona qədər dəstək olduqları üçün azarkeşlərimizə təşəkkür edirəm.”