UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Fehervar” (Macarıstan) matçından (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Oyunun çətin keçəcəyini öncədən bilirdik. “Fehervar” yaxşı təşkilatlanmış komandadır. İlk matçda böyükhesablı məğlubiyyətlə üzləşməyimizə baxmayaraq, futbolçularımız ev oyununa yaxşı motivasiya ilə çıxmışdı. Bu gün dominant futbol oynadıq. Bir az da şanslı olsaydıq, nəticə fərqli alınardı. Komandama təşəkkürümü bildirirəm. Daha güclü olacağıq. Yenidən avrokuboklarda oynamaq üçün kollektivimizin əlindən gələni edəcəyinə inanıram. Biz də iki heyətimizin olmasını istərdik. Amma hər şey büdcədən asılıdır. Düşünürəm ki, oyunçu azlığı da səfər görüşünə təsirini göstərdi. Rəqibin iki bərabər heyəti var. Biz isə əvəzetmələrdə çətinlik çəkirdik. Bugünkü matçda ehtiyatda Premyer Liqada oynaya biləcək iki futbolçumuz var idi: Rüfət Əhmədovla Ülvi İsgəndərov. Digərlərini “Qəbələ-2”dən götürsək də, onlara da inanırıq. Vaxt keçdikcə, onlar da komandaya faydalı olacaq. Nə qədər çox oyunçumuz olsa, əvəzetmələrdən daha çox yararlana bilərik”.
Baxşıyev çoxsaylı qol epizodlarından istifadə olunmamasına münasibət bildirib: “Futbolun gözəlliyi də ondadır. Hər epizod dəyərləndirilsə, hesab fərqli olar. Bu gün meydanda istədiyimi görə bildim. Daha çox hücumda olduq. Bir forvardla güclənməyi düşünürük. Uzun müddətdir onunla danışıqlara başlamışıq. Hələlik şərtlər razılaşdırılır. İnanıram ki, yaxın günlərdə bizə qoşulacaq”.
Mütəxəssis bir həftə əvvəl alınan məğlubiyyətə təsir edən məqamları da qeyd edib: “Bir həftə ərzində fiziki durum dəyişmir. Futbol insanların oynadığı idman növüdür. Macarıstanda İlkin Qırtımovun dili qatlananda hamı futbolu unutmuşdu, onu düşünürdü. Bunun da matça təsiri ola bilər. Heyətin böyük hissəsi avrokuboklarda debüt edirdi. Yalnız Səlahət Ağayevlə Asif Məmmədovun təcrübəsi var idi. İlk oyunun həyəcanı da təsir edə bilər. İlkinin durumuna görə belə uduzduğumuzu deməzdim. Amma bunun da təsiri oldu. Bu gün komanda göstərdi ki, psixoloji cəhətdən güclü kollektivdir. Püşk “Fehervar”ı bizimlə üz-üzə qoyanda inanırdıq ki, başabaş oynaya bilərik, uğurlu nəticəyə köklənmişdik. Amma rəqib də çox səviyyəli komandadır. İki heyətdən artıq futbolçusu var. Bu da nəticəyə təsir edir. İlk görüşün ikinci hissəsi istədiyimiz kimi alınmadı. Buna da müəyyən səbəblər var. Cavab qarşılaşmasında istədiyim kimi oynamasaydıq, məni çox düşündürərdi. Amma fərqli oyun gördük. Həm taktiki, həm psixoloji cəhətdən hazır idik”.