Döyüşçülərimizin növbəti sınağı
Xəbərlər / 29 Yanvar 2016 | 17:13171
Döyüşçülərimizin növbəti sınağı

Yanvarın 30-da Bakıda MMA üzrə “Azerbaijan Fighting Championship” beynəlxalq turniri keçiriləcək. “Sərhədçi” İdman Olimpiya Mərkəzindəki yarış çərçivəsində 14 reytinq döyüşü və 1 super döyüş baş tutacaq. Azərbaycanın və “Qəbələ” İdman Klubunun üç təmsilçisi də rinqə çıxacaq. Fuad Musayev (66 kq) ölkəmizin digər idmançısı Pərvin Mustafayevlə, Nəriman Abbasov (70 kq) rusiyalı Ravil Qadjiyevlə, Hüseyn Əliyev (77 kq) gürcüstanlı Giorgi Maparaşvili ilə üz-üzə gələcək. Daha bir idmançımız Bəxtiyar Abbasov günün super döyüşündə Şota Laqvilava ilə qarşılaşmalı olsa da, çoxsaylı titullara malik döyüşçümüz zədə səbəbindən yarışa qatılmayacaq.
Bu gün turnirə həsr olunan mətbuat konfransı və çəkiölçmə mərasimi keçirilib. Tədbirdə “Qəbələ” İdman Klubunun döyüş növləri üzrə koordinatoru Səbuhi Qarayev və Dünya MMA Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi, “Azerbaijan Fight Club”un prezidenti Şəhriyar Abbasov iştirak ediblər. Abbasov yarış haqda məlumat verərək, turnirin əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edən Qarayev isə qeyd edib ki, seriya çərçivəsində keçiriləcək növbəti turnirlərdən biri Qəbələdə keçirilə bilər: “Qəbələ” klubu həm olimpiya, həm də qeyri-olimpiya idman növlərinə dəstək verir. Bu seriyanın gələcək yarışlarının Bakıda deyil, bölgələrdə də, o cümlədən Qəbələdə baş tutmasına çalışacağıq”.
Qeyd edək ki, yanvarın 30-da keçiriləcək yarış 18:00-da başlayacaq.