“Döyüşə qalib gəlmək üçün çıxacam”
Xəbərlər / 24 May 2025 | 17:4214877
“Döyüşə qalib gəlmək üçün çıxacam”

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Tofiq Musayev UFC-də debüt edəcək.

 

İdmançımız iyunun 21-də Bakıda keçiriləcək UFC gecəsində qırğızıstanlı Mıqtıbek Orolbayla qarşılaşacaq. Musayev gabalafc.az saytına müsahibəsində döyüşə hazırlıq və hədəfi barəsində fikirlərini açıqlayıb:

 

- Bakıda keçiriləcək UFC döyüş gecəsinə hazırlıq necə keçir?

- Döyüşə Tailandda hazırlaşıram. Hazırlıq prosesi qaydasında gedir. Bütün məşqlər plana uyğun, istədiyimiz şəkildə keçir.

 

- UFC-də ilk rəqibiniz qırğızıstanlı Mıqtıbek Orolbay olacaq. Bu döyüşdən nə gözləyirsiz?

- UFC-də asan rəqib olmur. Burada dünyanın ən güclü döyüşçüləri iştirak edir. Özümə inanıram. Döyüşə qalib gəlmək üçün çıxacam. Qələbə bizimlə olacaq.

 

- Bu qarşılaşma Bakıda baş tutacaq. Döyüşün ölkəmizdə keçirilməsini necə qarşılayırsız?

- Təbii ki, UFC-nin Bakıda keçirilməsi məni sevindirim. Özüm də vətəndə doğma azarkeşlər önündə döyüşəcəm. Buna görə çox şadam. Onların dəstəyi altında döyüşmək imkanı qazanacam. Bu, böyük stimuldur.

 

- Dünyanın ən nüfuzlu döyüş təşkilatında debüt edəcəksiz...

- İlk dəfə UFC-də iştirak edəcəm. Dörd döyüşlük müqavilə imzalamışam. Bu, mənim üçün böyük uğurdur. MDB və ABŞ-ın bir çox təşkilatlarında döyüşmüşəm. Hər bir döyüşçü kimi mənim də arzum UFC-yə qatılmaq olub.

 

- Özünüzü bu arzuya çatmış sayırsız?

- UFC yarımçıq qalan arzularımdan biri idi. Sevinirəm ki, bu təşkilatla da müqavilə imzaladım. Arzuma tam çatmaq üçün qalib gəlməli və Azərbaycanı layiqincə təmsil etməliyəm.

 

- Bu döyüşdən sonrakı planlara aydınlıq gəlib?

- Bu barədə danışmaq tezdir. Tamamilə Bakıdakı döyüşə kökləmişik. Qarşıdakı planlar barədə bu turnirdən sonra düşünəcəyik.