İyunun 2-də Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı, “Qəbələ” İdman Klubunun dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş boks yarışı keçiriləcək. Bakıda təşkil olunacaq növbəti möhtəşəm boks gecəsinin əsas döyüşü ağır çəki dərəcəsində baş tutacaq. IBO və WBCA dünya kəməri uğrunda qarşılaşmada ukraynalı Roman Qolovaşenko ilə cənubi afrikalı Kevin Lerena 12 raundluq mübarizədə üz-üzə gələcəklər.
Boks gecəsində həmyerlimiz Malik Məmmədzadə WCA və WBC Asiya kəməri uğrunda, Rauf Ağayev, Vüsal Əliyev və digərləri Gürcüstan təmsilçiləri ilə döyüşlər keçirəcək.
Bu gün boksçuların rəsmi çəkiölçmə mərasimi və mətbuat konfransı baş tutub.
Öncə WBCA Heydər Əliyev adına Dünya Boks Komitəsinin prezidenti, WBC supervayzeri Yaşar Niftəliyev çıxış edib. O, turnirin əhəmiyyəti barədə danışıb: “Bu döyüş Azərbaycanın təbliğatı baxımından çox önəmlidir. Hazırda bu növ ölkəmizdə formalaşmaqdadır. Bunun üçün hər bir köməyə hazıram”.
Azərbaycana supervayzer kimi gələn Filip Verbike də qarşılaşmalar haqda fikirlərini bildirib: “Qarşılaşma Qazaxıstanda keçirilməli olsa da, sonradan qərar dəyişib. Hər 2 boksçu güclüdür. Əminəm ki, maraqlı döyüş izləyəcəyik”.
Almaniya Boks Assosiasiyasını təmsil edən supervayzer Matias Aisler döyüş, həmçinin qarşılaşmanın təşkilatçılığı barədə məlumat verib. Almaniyalı funksioner təşkilatçılığın səviyyəsinin yüksək olduğu üçün Azərbaycana təşəkkür edib.
Sabah rinqə çıxacaq Qolovaşenkonun promotrı Genadi Kravçenko gözəl şounun olacağından, idmançının özü isə yeni kəmər üçün dəyişəcəyi və buna tam hazır olduğunu deyib. O, qalib gələcəyinə 100 faiz əminlik ifadə edib.
Boksçunun məşqçisi Şamil Kərimov da yetirməsi ilə eyni fikirdə olduğunu bildirib: “Onun qələbə qazanmasında hansısa problem görmürəm. İnanırıq ki, döyüş 12 raunddan tez başa çatacaq. Roman onu 6-cı raunda kimi nokaut edəcək".
Kravçenko da çalışdırıcının dediyini təsdiqləyib: “Məşqçi 6-cı raunda kimi nokaut deyirsə, onunla mübahisə etməyək. Deməli, belə də olacaq”.
Ukraynalının rəqibi Lerena da iddialı ifadələr işlədib: “Qolumun gücünə inanıram. Rəqibimə çətin anlar yaşadacağam. Buna əminəm”.
Onun məşqçisi Peter Şmidt də üstünlüyün onlar tərəfində olduğunu vurğulayıb: “Kəmər bizim olacaq. Bizim məşqlər yüksək səviyyədə keçib. Zərbə Romanın çənəsinə dəyəndə Kevinin yumruğunun dadını biləcək”.
Lerenanın promotri Rodni Berman məşqçinin söylədiklərini təsdiqləyib. O bildirib ki, ukraynalını rinqdə heç nə qorumayacaq.
Azərbaycanın ilk peşəkar boksçusu, WBF versiyası üzrə dünya, WBO versiyasında Avropa çempionu, “First promotion champions”un baş direktoru Fariz Məmmədov da döyüşün əhəmiyyəti barədə danışıb: “Belə döyüşün ölkəmizdə təşkili peşəkar boksçuların yetişməsində böyük rol oynayacaq”.
Məmmədov yerli boksçulara öz məsləhətlərini verib və uğurlar arzulayıb. Rinqə çıxacaq Azərbaycan boksçusu Məmmədzadə yalnız qələbə üçün döyüşəcəyini vurğulayıb.
Qeyd edək ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək boks gecəsinin qarşılaşmaları saat 20:00-da start götürəcək.