Dünya Kubokunda bürünc medal
Xəbərlər / 27 Mart 2015 | 18:14248
Dünya Kubokunda bürünc medal

Rusiyanın paytaxtı Moskva şəhərində sambo üzrə Dünya Kubokunun mərhələ yarışı olan Anatoli Xarlampiyevin xatirəsinə həsr olunan sambo turnirinə start verilib. Bu idman növündə ən nüfuzlu yarışlardan hesab edilən turnirə 35 ölkədən 300-dən artıq idmançı qatılıb. “Lujniki” Olimpiya Kompleksindəki yarışda mübarizə aparan Azərbaycan millisinin heyətində “Qəbələ” İdman Klubu da təmsil olunub. 31-ci dəfə keçirilən turnirin ilk günündə klubumuzun samboçusu Bəxtiyar Abbasov da döşək üzərinə çıxıb. Yarımfinala qədər bütün rəqiblərini quru hesabla məğlub edən təmsilçimiz yarışın mükafatlarından birini təmin edib. Finalın bir addımlığında rusiyalı Viktor Osipenko ilə qarşılaşan Abbasov meydan sahibinə də xal verməyib. Samboçumuz yalnız aldığı xəbərdarlıq üzündən mübarizəni yarımfinalda dayandırmalı olub. Beləliklə, yarışda rəqiblərinə 1 xal da verməyən idmançımız Moskvada bürünc medal qazanıb. Bu mükafatla Abbasov iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarında ölkəmizin şərəfini qorumağa əsas namizəd olduğunu bir daha təsdiqləyib.