Minsk şəhərində sambo üzrə Dünya Kubokunda mükafatlar uğrunda 18 ölkədən olan idmançılar mübarizə aparıb. Fevralın 11-13-də keçirilən yarışda samboçular ümumilikdə 22 dəst medalların sahiblərini müəyyənləşdirib. Turnirdə Azərbaycan milli komandasının üzvləri də çıxış edib. Yığmamızın heyətində “Qəbələ” İdman Klubu da təmsil olunub.
Bu nüfuzlu turnirdə klubun 3 qadın samboçusu qüvvəsini sınayıb. Onlardan ikisi Minsk İdman Sarayında fəxri kürsüyə yüksəlib. 60 kq çəki dərəcəsində Şəhanə Hüseynova, 68 kq çəki dərəcəsində isə Nərminə Əlizadə Dünya Kubokunda 3-cü yeri tutub. Onlar Minskdə bürünc medal qazanıblar.
Qeyd edək ki, Belarusdan medalla dönən hər iki samboçumuz, həmçinin Dünya Kubokunun Qazaxıstanın Almatı şəhərindəki əvvəlki mərhələsində gümüş mükafat qazanan Fəridə Qurbanova iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarında ölkəmizin şərəfini qorumağa əsas namizədlərdəndir.