«Əminəm ki, seçimimdə yanılmamışam»
Xəbərlər / 19 Fevral 2013 | 06:33266
«Əminəm ki, seçimimdə yanılmamışam»

“Qəbələ”nin qış fasiləsində heyətinə cəlb etdiyi rumıniyalı futbolçu Kristian Pulhak  artıq yeni komandasının heyətində iki rəsmi oyun keçirib. "Qarabağ" və "İnter"ə qarşı 90 dəqiqə mübarizə aparan Pulhak son oyundan sonra fikirlərini gabalafc.az-la bölüşüb. 29 yaşlı müdafiəçi bir sıra maraqlı açıqlamalarla yadda qalıb.

- Artıq bir aya yaxındır Azərbaycandasan. Ölkəmiz, Qəbələ və paytaxt Bakı haqqında fikirlərini bilmək maraqlı olardı...

- Ölkənizə gəlməmişdən öncə Azərbaycan haqqında müəyyən təsəvvürlərim var idi. Topladığım məlumatlar Azərbaycanın inkişaf etməkdə olan bir ölkə olduğunu göstərirdi. Buraya gələndə fikirlərimdə yanılmadığımı gördüm. Bakı çox gözəl və müasir şəhərdir. Hələ tam gəzmək imkanım olmasa da, ilkin təəssüratlarım belə deməyə əsas verir. Qəbələ isə Bakıdan fərqli olaraq sakit və kiçik şəhərdir. Qəbələdə bütün diqqəti futbola yönəltmək daha asandır. Digər şəhərlərdə isə olmamışam. Ümumilikdə bu qısa zaman kəsiyində Azərbaycan haqqında xoş təəssüratlar formalaşdığını deyə bilərəm.

- Azərbaycanda bir çox rumın futbolçu top qovub və hazırda da karyerasını ölkəmizdə davam etdirən rumıniyalılar var. Onlardan Azərbaycan haqqında fikirlərini öyrənmişdin?

- Təbii ki. “Xəzər Lənkəran”da top qovan Manuel Skarlatake, Adrian Pit və Eder Bonfimdən ölkəniz haqqında ətraflı məlumat almışdım. Onlardan Azərbaycan haqqında xoş sözlər eşitmişdim. Odur ki, indi burdayam.

- Artıq “Qəbələ” forması ilə iki oyuna çıxmısan. Çıxışını necə dəyərləndirirsən?

- Mən konkret olaraq öz oyunum haqqında bir söz deyə bilmərəm. Öncədən də “sabah meydançaya çıxıb iki qol vuracağam” da demərəm. Amma hər qarşılaşmadan sonra çıxışımı analiz etməyi, hansı məqamlarda səhvə yol verdiyimi araşdırmağı xoşlayıram. Bu mənə oyundan oyuna “artırmağa”, daha yaxşı çıxış etməyə stimul verir. 

- Komandaya gələrkən yəqin ki, “Qəbələ”nin bu mövsüm və gələcək üçün hədəflərindən xəbərdar  idin. Necə düşünürsən, “Qəbələ” cari mövsümdə istədiyi nəticəni qazana biləcək?

- Hədəfimiz çempionluq, minimum medalçılar sırasına düşməkdir. Bütün fikrimizi və gücümüzü bu istiqamətdə yönəltmişik. Ciddi şəkildə məşq edirik. Düzdür, “Qarabağ” və “İnter”lə oyunlarda maksimum nəticə hədəfləsək də, bunun öhdəsindən gələ bilmədik. Qarşıda bizi “Xəzər Lənkəran”la çətin oyun gözləyir. Hazırda diqqətimizi sözügedən matça yönəltmişik. Qalib gəlib ilk “altılıq”dakı yerimizi təmin etməliyik. Sonrakı 10 oyunda isə istədiyimiz nəticələri alacağımıza inanıram. Çunki bunun üçün potensialımız və güclü heyətimiz var. Qalır meydançaya çıxıb komanda şəklində mübarizə aparmaq ki, bunu da bacaracağımıza əminəm.

- Komandaya uyğunlaşa bilmisənmi? Futbolçulardan hansı ilə daha yaxşı anlaşırsan?

- Komanda bir ailədir. Hamımız da bu ailənin üzvləriyik. Peşəkar futbolçularıq, bir birimizi yaxşı anlayırıq. Uyğunlaşmaqda çətinlik çəkmədim. Otaq yoldaşım Mustafa Dabodur. Onunla daha çox söhbətləşmək imkanım olur. Emaqaranı isə Rumıniyadan tanıyıram.  Mendi, Dodo, Kamanan, ümumiyyətlə hamı ilə çox yaxşı anlaşırıq.


- Bəs məşqçi heyəti və yeni komandanın məşq prosesinə necə, öyrəşə bilmisənmi? Umimiyyətlə, keçmiş komandanın məşq sistemi ilə “Qəbələ”nin məşq sistemində fərqlər çoxdur?

- Komandaya Antalyada qoşuldum. İlk gündən məşq proseslərinin nə dərəcədə ciddi təşkil olunduğunun şahidi oldum. Komandada bir neçə yeni oyunçu var idi və onların heyətə uyğunlaşması,  komandanın tez bir zamanda komplektləşməsi üçün çox çalışmalı idik. İntensiv məşqlər və 13 günə 6 yoldaşlıq oyunu keçirdik. Ciddi rəqiblərlə qarşılaşdıq və qalib gəldik. Bu da qısa müddətdə “Qəbələ”nin gündəlik rejiminə və məşq sisteminə uyğunlaşmağımı təmin etdi. O ki qaldı məşqçi heyətinə, biz bir komandayıq. Onlar tapşırıq verir, biz yerinə yetiririk. Kollektivdə gözəl atmosfer var. Keçmiş komandamla fərqlərə gəldikdə isə hər məşqçinin öz sistemi, öz oyun mentaliteti, öz üslubu var. Fərqlər olmalıdır.

- Karyerana nəzər yetirdikdə demək olar ki, futbolçu həyatın  Rumıniyada – əsasən də “Dinamo” Buxarestdə keçib. Yalnız bir dəfə ölkə xaricində - 2010-2011 mövsümündə İspaniyanın “Herkules” klubunda icarə əsasında oynamısan. İndi isə Azərbaycandasan. “Qəbələ”ni seçməkdə başlıca səbəb nə oldu?

- Demək olar ki, “Dinamo” ilə böyümüşəm. O klubla bağlı çoxlu xatirələrim var. “Qəbələ”yə qədər bir çox klubdan təkliflər almışdım. Amma hər dəfə elə alınırdı kı, “Dinamo”da qalırdım. Klub rəhbərliyi Buxarest təmsilçisində qalmağımı istəyirdi. “Qəbələ”dən təklif gəldikdən sonra düşündüm, araşdırdım və klubumdan razılıq aldım. “Qəbələ”nin hədəfləri, planları məni cəzb etdi. Azərbaycanda futbol ilbəil inkişaf edir. Əminəm ki, seçimimdə yanılmamışam.

- Bəs ailənin “Qəbələ”yə gəlişinə reaksiyası necə oldu? 

- Ailəm Azərbaycanı yaxşı tanımırdı. Anam bu xəbəri eşidəndə təəccübləndi. O, mənim “Dinamo”da oynamağıma öyrəşmişdi.  Daha sonra Azərbaycan haqqında internetdən məlumat aldılar. Anam da “əgər sən orda özünü yaxşı hiss edəcəksənsə get” dedi. Mən 15 yaşımdan ailəmdən ayrı yaşayıram. Onlar mənim yoxluğuma artıq öyrəşiblər (gülür). Onsuz da Rumunıyada da fərqli şəhərlərdə yaşayırdıq.

- Bəs həyat yoldaşın?

- Mən hələ ki, evli deyiləm amma rəfiqəm var. O da əvvəlcə təəccübləndi. Sonra rəfiqəmə məlumat verdim, Bakının və Qəbələnin gözəl şəhərlər olduğunu söylədim. O, Azərbaycan haqda məlumatsız idi. İnternetdə araşdırma apardı. Bakını çox bəyəndi. Yəqin ki, yaxın vaxtlarda rəfiqəm Azərbaycana gələcək.

- Azərbaycan mətbəxi ilə aran necədi? Qidalanmada problem yaşamırsan kı?

- Qətiyyən. Yeməklər ləzzətlidir. Burada da toyuğu anamın bişirdiyi kimi bişirirlər (gülür). Digər yeməklərin hazırlanmasında da elə bir fərq görmürəm. Normal, istədiyim kimi qidalanıram.

- Son olaraq, karyeranı “Qəbələ”də bitirməyi planlaşdırırsan, yoxsa başqa çempionatlarda gücünü sınamaq istərdin?

- Bunu gələcək və “Qəbələ”də nümayiş etdirəcəyim oyun göstərəcək. Hazırda bütün diqqətimi yeni komandamda uğur qazanmağa, “Qəbələ” ilə titullara yiyələnməyə ayırmışam. Buna nail olduqdan sonra başqa təkliflər, başqa hədəflər haqda düşünmək olar. Karyerama nəzər salsanız görərsiniz ki, mən bir klubda, 6 ay, bir il oynayıb tez-tez komanda dəyişən futbolçulardan deyiləm.  O ki, qaldı karyeramı “Qəbələ”də bitirməyə, maraqlı fikirdir. Niyə də yox.