Əvəzedici heyətə yeni baş məşqçi təyin olundu
Xəbərlər / 8 İyun 2012 | 13:14385
Əvəzedici heyətə yeni baş məşqçi təyin olundu


“Qəbələ”nin əvəzedici komandasına yeni baş məşqçi təyin olunub. Yeni mövsümdə klubun 2-ci komandasına ispaniyalı mütəxəssis Luis Araqon rəhbərlik edəcək. 2007-ci ildən “Barselona” Futbol Məktəbinin texniki direktoru  vəzifəsini yerinə yetirən Luis Araqon Kataloniya klubunda həm də seleksiyaçı-məşqçi postunda olub. Bundan əlavə, Araqon 2007-ci ildən İspaniyada və İtaliyada “Barselona” Yay Futbol Məktəblərinin təşkili işinə də rəhbərlik edib. Pro kateqoriyalı mütəxəssis 2004-2009-cu illərdə “Barselona” əsas komandasında baş məşqçilər – Frank Raykaard və Pep Quardiolanın, qapıçı məşqçiləri Rikart Seqerra və Karles Busketsin təcrübələrindən yararlanıb. Araqon  bundan əlavə “Atletik Bilbao”, “Numansiya”, “Real Sosyedad”, “Real Saraqosa”, “Osasuna”, “Atletiko Madrid”, “Valensiya”, “Almeriya” (hamısı İspaniya) və “Mançester Siti” (İngiltərə) kimi klublarda təcrübə keçib. 

Məhz “Barselona”da futbol təcrübəsi görmüş və fəaliyyət göstərmiş mütəxəssisin əvəzedici heyətə baş məşqçi təyin olunmasında məqsəd “Qəbələ” Futbol Akademiyasında  “Barselona” sisteminə uyğun yetişən futbolçuların əvəzedici heyətdə sistemə uyğunlaşma prosesinin tamamlanması və əsas komandanın hazır futbolçularla təmin edilməsidir. Xatırladaq ki, Akademiyada “Barselona” sisteminin tətbiq olunması məqsədilə Kataloniya klubunun təmsilçisi, Pro kateqoriyalı mütəxəssis Xosep Moratalyanın başçılıq etdiyi məşqçi heyəti Qəbələdə olmuş, Akademiya məşqçilərinə nəzəri və praktiki məşğələlər keçmişdi. Bundan əlavə “Qəbələ” Futbol Akademiyasının məşqçiləri Barselonaya səfər etmiş və klubun təcrübələrindən yararlanmışdılar.