Əvəzedici komanda hazırlıqlara başladı
Xəbərlər / 11 Yanvar 2013 | 08:24328
“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2012-2013 mövsümünün ikinci yarısının hazırlıqlarına start verib. İki mərhələdən ibarət olacaq hazırlıq prosesinin ilk hissəsi Qəbələdə baş tutacaq. Bu məqsədlə doğma məkanda toplaşan Luis Araqonun yetirmələri yanvarın 10-dan etibarən təlim-məşqlərə başlayıblar. Hazırlığın ilk günü qarlı hava şəraitinə görə qapalı meydançada keçirilib. Xatırladaq ki, Qəbələ toplanışı yanvarın 17-dək davam edəcək. Yanvarın 20-də isə komanda Antalyaya yollanacaq. Təlim-məşq prosesinin ikinci mərhələsi müddətində qırmızı-qaralar Belek bölgəsində yerləşən “Papillon Ayscha” otelində məskunlaşacaq. Antalya toplanışında “Qəbələ” 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Rəqiblər və qarşılaşmaların keçiriləcəyi tarixlər yaxın günlərdə dəqiqləşəcək.