“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2016-2017-ci illər mövsümünün ikinci yarısına hazırlıqlarını davam etdirir. Yanvarın 5-də Qəbələdə bir araya gələn Hüseynqulu Quliyevin yetirmələri məşqlərini şəhər stadionunda gerçəkləşdirir. Əvəzedicilər hazırlıq prosesinin Qəbələdə keçirilən 1-ci mərhələsində yoxlama oyununda da qüvvəsini sınayıb. Komandamız I divizion təmsilçisi “Ağsu” ilə görüşüb. Tural Məmmərzayevin hesabı açdığı qarşılaşma heç-heçə nəticələnib - 1:1. Əvəzedicilərin Qəbələdə keçirilən təlim-məşq toplanışı yanvarın 13-də başa çatacaq.
Ertəsi gün komanda Türkiyənin Antalya şəhərinə yollanacaq. Quliyevin yetirmələri qonşu ölkədə 3 yoxlama matçında qüvvəsini sınayacaq. Bu matçlar yanvarın 16-da, 18-də və 20-də keçiriləcək. Sınaqçı rəqiblərdən birincisi artıq dəqiqləşib. “Qəbələ” Albaniyanın “Partizani” klubunun əsas komandası ilə görüşəcək. 15 dəfə ölkə çempionu olan Tirana klubu ötən mövsüm Superliqada 2-ci yeri tutub.
Antalya toplanışını başa vurub, ayın 21-də vətənə dönəcək əvəzedicilər ikigünlük istirahətə buraxılacaq. Əvəzedicilərin çempionatının XIX turunun “Sumqayıt”la matçının hazırlıqlarına yanvarın 23-də start verəcək “qırmızı-qaralar” məşqlərini ayın 27-dək davam etdirəcək.