Əvəzedicilər Antalyada 4-cü oyununu keçirdi
Xəbərlər / 27 Yanvar 2015 | 14:30178
Əvəzedicilər Antalyada 4-cü oyununu keçirdi

“Qəbələ”nin əvəzedici komandası Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib. Bunadək 3 matça çıxan Luis Araqonun komandası bu dəfə Asiya təmsilçisi ilə üz-üzə gəlib. Belə ki, “qırmızı-qaralar” Cənubi Koreya təmsilçisi “Jeju Yunayted”lə qarşılaşıb.

“Qəbələ” Antalya toplanışında keçirdiyi son yoxlama oyunundan məğlubiyyətlə ayrılıb. Məhsuldar keçən görüşdə “qırmızı-qaralar” 2 qol vursa da, sonda məğlub olub – 2:5. Komandamızın qollarını Müşfiq Teymurov və Vəzir Musayev vurublar.

Bu məğlubiyyət əvəzedicilərin Antalyada 3-cü yenilgisi olub. Bunadək Araqonun komandası Qazaxıstan “Tobol”u və Qana “Liberti”sinə eyni - 0:2 hesabı ilə uduzub. Almaniyanın aşağı dəstə təmsilçisi “Freyberq”lə qarşılaşmada isə tərəflərdən hərəsi bir qol vurub – 1:1.