Yanvarın 2-dən Antalyada toplanışda olan "Qəbələ"nin əvəzedici komandası hazırlıq çərçivəsində 3-cü yoxlama oyununu keçirib. Rusiyanın "Zenit" (0:3) və "Dinamo" (0:0) kollektivlərinin ardından qırmızı-qaralar İsveçrənin "Sent-Qallen" klubu ilə üz-üzə gəlib.
Matçın ilk yarısında topa nəzarət edən tərəf "Qəbələ" olsa da, rəqibini əks-hücumlarda yaxalayan isveçrəlilər iki dəfə fərqlənməyə imkan tapıblar və birinci hissə "Sent-Qallen"in 2:0-lıq üstünlüyü ilə tamamlanıb.
İkinci yarıya oyunçu dəyişiklikləri ilə çıxan "Qəbələ" hissə boyunca diktə edən tərəf olub. Lakin qırmızı-qaraların hücumları yalnız bir dəfə qolla nəticələnib. Rey Məmmədbəyli 70-ci dəqiqədə hesab arasındakı fərqi minimuma endirib. Qırmızı-qaralar final fitinə qədər təzyiqi davam etdirsələr də, matçda başqa qol olmayıb və "Qəbələ" Antalyada keçirdiyi 3-cü oyundan məğlubiyyətlə ayrılıb.
Xatırladaq ki, Luis Araqonun yetirmələri qardaş ölkədə son yoxlama oyununu fevralın 1-i keçirəcək. Sözügedən görüşdə "Qəbələ" Ukraynanın "Karpatı" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.