“Qəbələ” İK-nın əvəzedici heyəti, U-19 və akademiyanın digər aşağı yaş qrupları üzrə komandalarının üzvləri üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarda AFFA-nın Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi Naib Əsədov və həmin şöbənin aparıcı mütəxəssisi Murad Məmmədli iştirak ediblər. Futbolçulara danışılmış oyun anlayışı, eləcə də bu cür halların futbolun dürüstlüyünə və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat verilib.
Danışılmış oyunların əsas motivləri, idman mərclərinin bu prosesdə rolu və futbolçulara təsir üsulları təqdimat vasitəsilə izah olunub. Eyni zamanda, futbolçuların etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar barədə məlumat verilib.
Seminar zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu bildirilib, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr təqdim edilib.